Bakıda falçı ev sahiblərini hipnoz edib qızılları apardı

Bakıda özünü falçı kimi təqdim edən şəxs evi qarət edib. Bu barədə APA TV-yə zərərçəkən Səkinə Quliyevanın gəlini Zəhra Quliyeva məlumat verib.

 

Onun sözlərinə görə, qaynanası ilə evdə oturub səhər yeməyinə hazırlaşan zaman qapı döyülüb və özünü falçı-ekstrasens kimi təqdim edən Anar adlı şəxs içəri daxil olub.  O, ailənin böyük uşağında xəstəliyin olduğunu, sonralar bunun daha da kəskinləşəcəyini bildirib. Bunun üçün ev sahibinə cadudan azad olmaq üçün kasada şam yandırmağı məsləhət görüb: "Qayıtdı ki, əgər pulunuz yoxdursa, eyb etməz. Mənim məqsədim əsasən qara qüvvələri uşağın üstündən götürməkdir. Pul yoxdursa, qızıl olmalıdır, üstünə ərinmiş şam tökülməlidir. Qulağımdakı sırğanı vermək istədim. Dedi yox, bu azdır. Qonşudan 1 saatlıq al, proses başa çatanda qaytararsan özünə".

 

Qonşudan qızıl almağa ehtiyac olmur. Gəlinin göz yaşlarına dözə bilməyən qaynana özünə məxsus boyunbağı, qolbaq, iki sırğa və bir üzüyünü falçıya verir: "Düyünlədi hər bir qızılı qırmızı sapla, sonra dedi üstündə olan qızılı apar at kasanın içinə, atdım. Bərabər şamı əridib tökdük şamın üzərindəki suyun üstünə".

 

Qadınların başının qarışıq olduğunu görən şəxs kasada olan qızılları götürür, yenidən kasanın üstünü bağlayır. Kasanı bir saat açmamağı, sonra suyu ilə uşağı çimizdirməyi məsləhət görür.

 

Ertəsi gün kasa açılanda qızılların orda olmadığını görən gəlin və qaynana aldandıqlarını bilirlər. Hazırda Nərimanov polisi falçı Anarın axtarışlarını davam etdirir. Ümumilikdə vətəndaşa 5000 manatdan çox maddi ziyanın dəydiyi araşdırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv