Göyçayda saxta pulla geyim alan 4 nəfər tutuldu

 

 

Göyçay rayonunda saxta pulların dövriyyəsi ilə məşğul olan qrupun üzvləri zərərsizləşdirilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Göyçay rayon sakini, sahibkar Ceyhun Mütəllimova məxsus mağazaya 70 manat saxta əsginas verərək ərzaq məhsulları alan və Qəribnaz Məmmədovaya 20 manat verərək geyim əşyaları alan Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Mövlan Fərhadov, İsmayıllı rayon sakinləri - 1980-ci il təvəllüdlü Təvəkkül İsmayılov, 1963-cü il təvəllüdlü Eybalı Eybalıyev və 1987-ci il təvəllüdlü Emin Soltanov tutulublar. Onların üzərinə baxış keçirilərkən 4 ədəd 100, 3 ədəd 50, 2 ədəd 20, 2 ədəd 10, 1 ədəd 5 və 6 ədəd 1 manatlıq saxta əsginas aşkar edilərək götürülüb.

 

Həmçinin Təvəkkül İsmayılovun yaşadığı Gəndov kəndindəki evə baxış zamanı oradan 2 ədəd 100, 10 ədəd 50 və 5 ədəd 20 manatlıq saxta əsginas, çap qurğusu və digər çap avadanlıqları aşkar edilərək götürülüb.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv