"Atatürk" Hava limanında TERROR : 36 ölü, 147 yaralı - HADİSƏ ANI-YENİLƏNİB
İstanbulun "Atatürk" aeroportunda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 36-a çatıb, 147 nəfər isə yaralanıb.
APA TV-nin xəbərinə görə, ard-arda baş verən üç partlayışlar zamanı hava limanı ərazisində atəş səsləri də eşidilib.
İlkin məlumata görə, 3 canlı bomba hava limanının üç ayrı yerində özünü partladıb. Partlayışdan sonra hava limanında terrorçulardan birinə məxsus "Kalaşnikov" markalı avtomat aşkar olunub. Aralarında polislərin də olduğu çoxlu sayda yaralı 16 müxtəlif xəstəxanaya çatdırılıb. Yaralıların bəzilərinə isə elə hadisə yerindəcə müdaxilə edilib.
Hadisə ilə bağlı verilən məlumatda qeyd olunur ki, partlayışdan əvvəl polislə terrorçular arasında atışma olub. Hava limanının təhlükəsizlik xidmətinin əməkdaşları və polis atəş açılan nöqtəyə yönəliblər. Fürsətdən istifadə edən iki canlı bomba giriş və çıxışda, digər terrorçu isə özünü hava limanının avtomobil dayanacağının yanında partladıb.
Partlayışdan sonra sərnişinlər hava limanından çıxarılmağa başlayıb. Atatürk hava limanına eniş etməyən istəyən təyyarələr Sabiha Gökçen, İzmir, Bursa və Kocaeli aeroportlarına yönəldilib.
“Atatürk” hava limanında təyyarələrin uçuşuna və enməsinə səhər saat 8-ə kimi qadağa qoyulub.
Hadisədən sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan təcili toplantı keçirib. İclasda baş nazir və güc qurumlarının nümayəndələri iştirak edib. Toplantı prezident sarayında baş tutub.
Toplantıdan sonra təyyarə ilə hadisə yerinə gələn baş nazir Binali Yıldırım gecə saatlarında hava limanında jurnalistlərə açıqlama verib. O bildirib ki, 36 mülki şəxsin öldüyü, 147 nəfərin yaralandığı terrora görə İŞİD terror qruplaşmasından şübhələnirlər. Baş nazir qanlı terror hadisəsinə görə türk xalqına, ölənlərin yaxınlarına başsağlığı verib.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə İstanbulun "Atatürk" hava limanında törədilən terror aktından sonra dünya ictimaiyyətini terrorçuluqla qətiyyətli mübarizəyə çağırıb. Bu barədə Ərdoğanın yazılı bəyanatında bildirilib.
“İstanbuldakı terror aktını hiddətlə pisləyirəm. Müqəddəs Ramazan ayında törədilən bu hücum, terrorçular üçün heç nəyin, hətta dinin belə müqəddəs olmadığını göstərir. Bütün dünyanın, ilk növbədə Qərb ölkələrinin terror təşkilatlarına qarşı qətiyyətli mövqe nümayiş etdirəcəyini gözləyirik. Türkiyə nəyin bahasına olursa-olsun, terrorçuluqla mübarizəni davam etdirəcək”, - deyə Ərdoğanın saytında dərc olunmuş bəyanatında qeyd olunub.