AZAL İstanbula aviareysləri bərpa etdi, XİN açıqlama verdi

İstanbulun Atatürk hava limanında törədilən terror aktı nəticəsində ölən və yaralananların arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir. Onların arasında bir neçə xarici vətəndaşlar var.

 

APA TV-nin məlumatına görə, bu barədə “Reuters” yerli rəsmi qurumlara istinadən xəbər yayıb.  

 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə törədilən partlayış nəticəsində ölən və yaralılar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırıldığını bildirib.

 

Onun sözlərinə görə, hadisə zamanı zərərçəkənlərin arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını Azərbaycanın İstanbuldakı Baş konsulluğu Türkiyənin müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə araşdırır.

Qeyd edək ki, iyunun 28-də Bakı vaxtı ilə saat 23:30-da Azərbaycan Hava Yollarına QSC (AZAL) məxsus təyyarə İstanbul Atatürk Hava Limanından Bakı istiqamətində uçuş yerinə yetirməli idi. Sərnişinlər tamamilə qeydiyyatdan keçsələr də, partlayış baş verdiyindən hava limanında uçuşlar dayandırıldığı üçün AZAL-a məxsus təyyarə də havaya qalxa bilməyib.


Bu gün səhər saat 08:45-də isə Bakıdan İstanbul hava limanına təyyarə uçub. Saat 13:00-da isə Atatürk aeroportundan Bakıya uçuş yerinə yetirməli olan təyyarə havaya qalxacaq. Bunu AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.

 

O qeyd edib ki, AZAL-ın beynəlxalq uçuşlarda problem yalnız Atatürk hava limanı ilə bağlı olub, qalan heç bir aviareyslərdə problem olmayıb.

 

P.Kəsəmənski dünən axşamdan AZAL gücləndirilmiş iş rejiminə keçdiyini də təsdiqləyib.

Müəllif | Apa.Tv
Apa.tv