Neftin qiyməti 50 dollara yaxınlaşır
Dünya bazarında neft yenidən bahalaşıb. APA TV-nin məlumatına görə, birjalarda "Brent" markalı neftin bir bareli 49,56 dollardan satılıb. Bu, ötən günün qeydə alınan qiymətlərdən təxminən bir dollar bahadır.
Qərbi Texas nefti də ötən günə nisbətən bahalaşıb. Səhər seanslarında WTİ nefti birjalarda 48,24 dollardan təklif olunur.
Böyük Britaniyanın Avropa Birliyindən çıxmaq barədə qərar verməsi neftin qiymətini ucuzlaşdırsa da, bir müddət sonra qiymətlər yenidən yüksəlməyə başlayıb. ABŞ-ın Neft İnstitutu ölkənin neft ehtiyatlarını açıqlayıb. Ötən həftəyə görə ehtiyatlarda 3.86 milyon azalma var. Buç neftin qiymətinin yüksəlməsinə səbəb olan əsas amillərdən biridir.
Eyni zamanda Nigeriyada hökumətlə terrorçular arasında atəşkəsin əldə olunması, Kanadada neft şirkətlərinin may ayında baş verən meşə yanğınlarından sonra fəaliyyətini bərpa etməsi də neft bazarında diqqət ediləsi hadisələrdir. Neftin qiymətlərinin 50 dollar civarında dəyişəcəyi gözlənilir.