Qeyri-adi hobbi

Lənkəran rayonunun Nərimanabad qəsəbə sakini Həbulla Rəhimovun qeyri-adi hobbisi var. Əlli beş yaşlı usta uzun illərdən bəri sement və əhəngdən müxtəlif fiqur və cizgilər yaratmaqla məşğuldur. Həbulla Rəhimovun əl işləri arasında dövlət  atributlarını əks etdirən fiqurlar xüsusi yer tutur. Onun həyətindəki tikililərin divarlarında və hasarda demək olar ki, boş yer qalmayıb. Hətta həyətindəki su quyusunun da kənarlarında sementdən romb şəkilli cizgilər çəkib. APA TV-nin əməkdaşları onun evində olublar.

 

30 ilə yaxındır, bu işlə məşğuldur. Həbulla Rəhimov hazırladığı işlərə Azərbayan tarixinə aid elementləri həkk edir, gələcək nəsillərə qalsın deyə. Usta deyir ki, əhəng və sementin qarışığı möhkəm olur: "Əhənglə sementin qarışığı açıq havaya davamlı olur. Amma mən onları heç qarışdırmıram da. Sementdən hazırlanan fiqurun üstünə vururam. Sadəcə, bunu zamanında eləmək lazımdır ki, nə çox tez olsun, nə də gec".

 

Maraqlıdır ki, Həbulla kişi təkcə öz həyətində deyil, qonum-qonşuların, qəsəbədəki digər həyətlərində, hasarlarında sement və əhəngdən müxtəlif fiqurlar çəkməklə tarix yazır. İndi isə Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr elədiyi əl işi üzərində işləyir.

 

Onun həkk etdiyi hər hansı fiqur özünəməxsus məna, ustanın düşüncə tərzini əks etdirir. 1989-cu ildən bu işlə məşğul olan Həbulla kişi deyir ki,  rəssamlıq qabiliyyəti olsaydı, daha maraqlı sənət əsərləri yaradardı.

Müəllif | Apa.Tv