Qəbələdə gənc gömrükçülər üçün beynəlxalq konfrans keçirilir

 İyunun 29-da Qəbələ şəhərində “Gənclərin Dialoqu - Beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması” mövzusunda Beynəlxalq Tələbə Konfransı işə başlayıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bildirib ki, komitə gömrük sahəsində əməkdaşlığın gücləndirilməsi, modernləşdirmə və kadrların peşəkarlıq səviyyəsinin artırılması məsələlərinə xüsusi diqqətlə yanaşır və bugünkü konfrans da sözügedən istiqamətdə nailiyyətlərin əldə edilməsinə öz töhfəsini verəcək.

 

İki ildən çoxdur fəaliyyət göstərən Dövlət Gömrük Komitəsinin Akademiyasının təşəbbüsü ilə ilk dəfə olaraq keçirilən bu konfransda dünyanın 20 ölkəsinin mötəbər universitetlərində gömrük ixtisası üzrə təhsil alan tələbələr, gömrük sahəsində ixtisaslaşan elm adamları, eləcə də dünyaca məşhur gömrük mütəxəssisləri Vaslav Çijoviç, Zlatko Veterovski iştirak edir.

 

İyunun 29-dan iyulun 1-dək davam edəcək konfrans çərçivəsində müxtəlif ölkələrin elm ocaqlarını təmsil edən elm adamları və tələbələr tərəfindən ümumilikdə 50-dək məruzə dinləniləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv