Ləğv olunmuş Dövlət Sosial Təminat Xidməti işçilərinin müqəddəratı bəlli oldu
"Ləğv olunmuş Dövlət Sosial Təminat Xidmətinin işçilərinin məşğulluq orqanlarında yerləşdirilməsi nəzərdə tutulur". APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
O bildirib ki, Dövlət Sosial Təminat Xidmətindən çıxacaq işçi qüvvəsinin böyük əksəriyyəti məşğulluq orqanlarında işlərini davam etdirəcək: "Çünki həmin fərmanla məşğulluq orqanlarında çalışanların sayı iki dəfədən çox artırılır. Bu gün əsas fəaliyyət sahəsi kimi məşğulluq, əhalinin işlə təmin olunması, yeni iş yerlərinin açılması, vakansiyaların uçotunun aparılması və sair məsələlər durur. Biz artıq üstünlüyü və ağırlıq mərkəzini sosial ödənişlərdən, passiv sosial tədbirlərdən aktiv məşğulluq tədbirlərinə keçiririk. Məşğulluq orqanlarında çalışanların sayı kifayət qədər artırılaraq hər bir rayon, şəhər üçün, hər 11 min nəfərə 1 məşğulluq orqanı işçisi normativi ilə həyata keçiriləcək".
Qeyd edək ki, prezident İlham Əliyevin iyunun 24-də imzaladığı fərmana əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti ləğv edilib.