Məzunlar üçün aktiv məşğulluq tədbiri keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunlar üçün "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbiri keçirib.

 

APA TV-nin xəbərinə görə, yarmarkada Bakı şəhəri üzrə 48 müəssisədən 240  boş vakant iş yeri təqdim edilib.

 

Tədbirdə  iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, təkcə bu ilin beş ayında Xidmətin xətti ilə işlə təmin olunanların 36%-i, haqqı ödənilən ictimai işlərə cəlb edilənlərin 32%-i gənclərdən ibarət olub. Bu dövrdə Dövlət Xidməti tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunan 1500 nəfərədək şəxsdən 60%-ini gənclər təşkil edib. Xidmətin Əmək Birjaları vasitəsilə müvəqqəti xarakterli işlərə göndərilən vətəndaşların da mühüm bir hissəsi gənclərdir. Həmçinin son 5 ayda 56,4 mindən çox gəncə peşəyönümü məsləhətləri verilib: "Mən burada çoxları ilə görüşdüm, maaşlar kifayət qədər yüksəkdir. 1500 manata yaxın iş yerləri təklif edirlər. Karyerasında ilk addım atan tələbələr və yaxud məzunlar üçün bunlar çox gözəl iş yerləridir. Kifayət qədər iş təklif olunur. Sadəcə, həmin iş yerlərini tutmaq üçün kifayət qədər hazırlığa malik olan ixtisaslı kadrlar olmalıdır. Buna ehtiyac var".

 

Səlim Müslümov sağlamlıq imkanları məhdud gənclərin də əmək bazarına inteqrasiyası üçün məqsədyönlü işlərin aparıldığını qeyd edib.

 

Tələbə və məzunlar işəgötürənlərə özləri barədə şəxsi məlumatlarını təqdim ediblər.

 

- Birinci kursda oxuyuram, ikinci kursa keçdim. Satıcılıq, kassir müəyyən işlər var, CV yazmışam. Yaya keçdiyimə görə full-time istəyirəm. İnstitut başlayandan sonra yarım gün işləyəcəyəm. Yazıb ki, birinci ayı təlim olduğu üçün 25 faizi tutulacaq. 250 manat maaş yazdım. Dedilər, biz sənə xəbər edəcəyik.

 

- Mən Asəf Zeynallı adına musiqi kollecini bitirmişəm. Ofis işləri, mühafizə xidməti üçün iş axtarıram. 500 manatdan yuxarı olan işləri istəyirəm ailəmi dolandırmağa görə. Məşğulluq idarələrində olmuşam. Bir neçə şirkətə yazmışam.

 

- İqtisad Universitetində oxuyuram. Mühasib, maliyyə bu sahədə işlər axtarıram. Əmək haqqı 400 manat yazmışam.

 

İşə götürənlər isə daha çox ali təhsili və dil bilikləri yüksək olan şəxslərə üstünlük verirlər. 

 

- Hazırda bizdə ümumi şöbəyə vakansiyalar var. Qeydiyyat şöbəsində vakansiya var. Çox zəifdir, 2 müraciət var. Əmək haqqı 600 manatdan başlayır. İlk növbədə ali təhsil, dil bilikləri olmalıdır. Bir də kompüter proqramlarını işləməyi bacarmalıdır.

 

- Bizdə tikintinin gedişinə nəzarət edə biləcək mühəndis heyəti tələb olunur. Əsasən tələb olunur ingilis dili, mühəndis təhsili. Çünki biz xarici şirkət olduğumuz üçün ingilis dili mütləqdir. Təcrübəsi olmalıdır. Hələ ki tam bizə uyğun namizədi tapmamışıq.

 

Yay mövsümündə müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər Dövlət Xidmətinin Bakı şəhərindəki Əmək Birjası tərəfindən qeydiyyata götürülüblər.

Müəllif | Apa.Tv
Apa.tv