İsmayıllıda yük avtomobilləri sürüyə girdi: 80-dən çox qoyun öldü
Qaraməryəm-İsmayıllı avtomobil yolunda qoyun sürüsünün tələfatı ilə nəticələnən ağır yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə yolun 12-ci kilometrliyində, İsmayıllının Hapıtlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə çobanlar tərəfindən qışlaqdan yaylağa aparılan qoyun sürüsünün qəflətən avtomobil yoluna çıxması nəticəsində baş verib. Yadigar Səfərovun idarə etdiyi 10 OD 285 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili yolun ortasındakı qoyun sürüsünə çırpılaraq 70-dən çox xırda buynuzlu heyvanı tələf edib. Sürüyə rəhbərlik edən çobanlar qoyunların qarşısını ala bilmədikləri üçün sürünün avtomobil yoluna çıxdığını deyirlər. Dəyən ziyanın həcmi təxminən 7000 manat təşkil edir.
Eyni hadisə bir neçə dəqiqə sonra həmin ərazidən 100 metr aralıda yenə baş verib. Ramiz Səfərovun idarə etdiyi 99 FS 470 dövlət nömrə nişanlı “QAZel” markalı yük avtomobili yola çıxan qoyun sürüsünə çırpılıb. Nəticədə 17 baş xırda buynuzlu heyvan tələf olub. Hadisə yerinə İsmayıllı rayon Polis Şöbəsinin və rayon baytarlıq idarəsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.