Göyçay sakini həmkəndlisini güllələdi
Göyçay rayon sakinləri arasında silahlı insident baş verib, bir nəfər xəsarət alıb. APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində baş verib.
Göyçay rayonunun İnçə kənd sakini Zaur Cabbarov və Namiq Hacıyev birlikdə Qarabucaq kəndinə ov etməyə gediblər.
Məlumata görə, dostlar ov etdikdən sonra əldə etdikləri qəniməti bölə bilməyiblər və aralarında yaranan mübahisə zamanı Namiq Hacıyev ov tüfəngindən Zaur Cabbarova atəş açıb. Qarın boşluğundan ağır xəsarət alan Zaur Cabbarov Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.