Cəlilabadda 34 yaşlı əlil qız itkin düşüb
Cəlilabadda 34 yaşlı qız itkin düşüb. Bu barədə APA TV-nin cənub bürosuna itkin düşən şəxsin anası məlumat verib.
Cəlilabad rayonunun Göytəpə şəhər sakini Zərifə Xəlilova bildirib ki, dörd qardaşın 1 bacısı olan qızı Xəyalə Xəlilova yol qəzası nəticəsində ikinci qrup əlil statusu alıb. Xəyalə bu il aprelin 18-də günorta saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıb.
Zərifə Xəlilovanın sözlərinə görə, qızını görənlər olub. Amma kim tərəfindən hara aparıldığı, yaxud hansı ünvana getdiyi barədə heç bir məlumat yoxdur.
Ana qızının itkin düşməsi ilə bağlı Cəlilabad Rayon Poliş Şöbəsinin Göytəpə şəhər polis bölməsinə məlumat verildiyini bildirib. Polis bölməsi tərəfindən axtarışlar aparılsa da, hələlik Xəyalədən xəbər verən yoxdur.
Qeyd edək ki, Xəyalə Xəlilova evdən çıxan zaman əynində kül rəngində köynək və şalvar, başında isə qırmızı papaq olub. Onu görənlərdən xahiş olunur ki, (051) 348-95-66, (050) 384-28-18 və (055) 248-17-33 mobil telefon nömrələrinə zəng vursunlar.