Mayis Əlizadə: "Türkiyədəki bugünkü mənzərə heç də ürəkaçan deyil"
"İstanbulda Atatürk hava limanında törədilmiş dəhşətli terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması Türkiyə əhalisini bir daha sarsıdıb". Bu açıqlamanı İstanbuldan APA TV-nin Türkiyə xüsusi müxbiri Mayis Əlizadə verib.
Onun sözlərinə görə, Türkiyədəki bugünkü mənzərə heç də ürəkaçan deyil: "Çünki bu, İstanbulda bir ayın içərisində törədilən ikinci terror hadisəsidir. Dünən gecə İŞİD terror təşkilatı terror hadisəsini öz üzərinə götürdüyünü bəyan etdi. Bütün bunlar ölkə əhalisinin əhval-ruhiyyəsini tamam korlayır. İstanbulun məşhur küçələrində həm turistik baxımdan, həm də restoran və ictimai yerlərdə, eləcə də iş adamlarının bugünkü fəaliyyətinin yarıdan çox aşağı düşdüyünü müşahidə etmək olar. Rəsmilər hər dəfə bu cür terror aksiyaları olandan sonra deyirlər ki, terrora qarşı mübarizəni daim davam etdirəcəyik. Burda ən mühüm məqam isə əhalinin polis və təhlükəsizlik qüvvələrinə inamı məsələsidir. Görüşdüyümüz insanların hamısının dünənki terror hadisəsinə münasibəti birmənalı olaraq belədir ki, ölkənin giriş-çıxış bölgələrinin dünyanın hər yerində - istər hava limanı olsun, istər metro olsun - insanların çox olduğu məkanlar terror təşkilatlarının iştahını ən çox qabardan yerlərdən birincisidir. Çünki bu məkanlarda terror aksiyalarının keçirilməsi terrorçuların dünya miqyasına çıxmasına səbəb olur. Xüsusi vurğulanır ki, hava limanının təhlükəsizlik məsələsinə bundan sonra yenidən baxılmalıdır".