Səfir: "ORXAN ZEYNALOVUN GÜNAHKAR OLUB-OLMAMASINA yalnız məhkəmə qərar verə bilər"
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ölkədə baş verən qalmaqallı qətillə bağlı fikirlərini “Dojd” telekanalı ilə bölüşüb. APA TV-nin xəbərinə görə, səfir qeyd edib ki, Orxan Zeynalovun günahkar olub-olmamasını ancaq məhkəmə deyə bilər: "Radioda hadisənin baş verməsinə səbəb olan qız danışdı və dedi ki, ona görə millətlərarası problemlərin yaranmasını istəmir. Rusiya XİN-nə nota göndərəcəyik. Konsulluq yardımı tələb edəcəyik. Cinayətdə ittiham olunan şəxsə vəkil, tərcüməçi verilməlidir, hər şey qanun çərçivəsində olmalıdır. Bunu o, edibsə, ən yüksək cəzaya layiqdir".
Polad Bülbüloğlu deyib ki, bu, sadəcə məişət zəminində baş verən cinayətdir. Onun sözlərinə görə, dünyanın istənilən meqopolisində gündə belə cinayətlər olur.
Səfir oktyabrın 16-da Rusiyada bir azərbaycanlının - Ruslan Arif oğlu Qaraxanlının öldürüldüyünü xatırladıb və vurğulayıb ki, bu qətlə görə onlar isteriya yaratmayıblar.
Səfir qeyd edib ki, Azərbaycan Rusiyanın strateji partnyorudur. Putinin Azərbaycana səfəri də bunu təsdiq edib. Belə məişət zəminində cinayətlər olub və olacaq.