Ərdoğan Putinlə danışığının detallarını açıqladı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefon danışığının məzmununu açıqlayıb.
APA TV-nin məlumatına görə, Ərdoğan prezident iqamətgahındakı iftar mərasimində deyib ki, İstanbuldakı terror aktından sonra ABŞ prezidenti Barak Obama, Böyük Britaniyanın baş naziri Devid Kemeron, Pakistan lideri, Səudiyyə Ərəbistanı kralı və Qətər əmiri ilə danışıb.
Onun sözlərinə görə, Putinlə telefon danışığı əvvəlcədən planlaşdırılıbmış: “Hər iki ölkə üçün çox faydalı danışıq apardığımıza inanıram. Türkiyə ilə Rusiya arasındakı münasibətlərin sürətlə əvvəlki səviyyəsinə qayıtması ilə bağlı razılığa gəldik. Hörmətli Putinlə sentyabrda Çində keçiriləcək G-20 toplantısında daha ətraflı müzakirələr aparmağı qərara aldıq”.
Rəcəb Tayyib Ərdoğan İsraillə münasibətlərlə də bağlı məlumat verib.
Türkiyə prezidenti deyib ki, cümə günü Türkiyədən Fələstinə 10 ton yüklə gəmi yola düşəcək.