Neftin qiyməti 50 dolları keçib

Dünya bazarında neft bahalaşmaqda davam edir. APA TV-nin məlumatına görə, birjalarda "Brent" markalı neftin bir bareli 50,83  dollardan satılıb. Bu, ötən gün səhər seanslarında qeydə alınan qiymətlərdən bir dollardan çox bahadır.

 

Qərbi Texas nefti də ötən günə nisbətən bahalaşaraq psixoloji baryer olan 50 dollara yaxınlaşır. Səhər seanslarında WTİ nefti birjalarda 49,39 dollardan təklif olunur.

 

"AzeriLight" markalı neftin 1 barelinin qiyməti 2,40 dollar və ya 4,94% artaraq 50,98 dollar təşkil edib.

 

Böyük Britaniyanın Avropa Birliyindən çıxmaq barədə qərarından sonra özünü toparlayan neftin qiymətlərində bir neçə gündür bahalaşma davam edir. Ötən gün ABŞ-ın Neft İnstitutu ölkənin neft ehtiyatlarının 3.86 milyon azaldığını açıqlayıb. Bu isə neftin qiymətinin yüksəlməsinə səbəb olan əsas amillərdən biridir.

 

Eyni zamanda Nigeriyada hökumətlə terrorçular arasında atəşkəsin əldə olunması, Kanadada neft şirkətlərinin may ayında baş verən meşə yanğınlarından sonra fəaliyyətini bərpa etməsi də neft bazarında diqqət ediləsi hadisələrdir. Neftin qiymətlərinin 50 dollar civarında dəyişəcəyi gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv