15 gün artıq dərs, Azərbaycan təcrübəsi, 100 milyon manat - REPORTAJ
“Ögey ana” filmində hamımızın xatırladığı bir epizod var. Dilarə İsmayılın yay tətilində kitab üzü açmadığını görüb ona dərslərini hazırlamağı tapşırıb işə gedir. Həyətdə isə uşaqlar futbol oynayırlar. Qonşu otaqda İsmayılın nənəsi Qəmər arvadla qonşu Fatmanisə qarı söhbət edirlər.
- Xalqın uşaqları həyət-bacada oynayır, bu insafsız, bu cür havada uşağı evdən bayıra buraxmır.
- Aaaz, ögey anadır də"...
Əslində Fatmanisə qarı haqlıdır. Bu havalarda uşağı sinifdə oturtmaq olar? Təhsil Nazirliyi növbəti tədris ilində də dərslərin iyunun 14-də bitəcəyini açıqlayıb. Bu qayda artıq ikinci ildir tətbiq olunur. Bu ilki təcrübə göstərdi ki, mayın 25-dən sonra məktəblərdə tədris prosesi rəsmən “sönür”. Hətta imtahanların iyun ayına təyin olunması belə, bir nəticə vermir. Üstəlik, “Formula-1” yarışlarının keçirilməsi ilə əlaqədar şəhərin əsas yollarının bağlanması, tıxacların adi hal alması şagirdlərin qızmar yay günlərində məktəbə getməsinə mane olur. Məktəb də, valideynlər də problemdən tək çıxış yolu görürlər: “Dərslər bitdi, məktəbə getməyəcəksiniz”. Digər tərəfdən müşahidələr göstərir ki, iyun ayının iki həftəsində məktəblərdə tədrisdən başqa nə desən var - ekskursiyalar, şəhərə və bölgələrə məktəbli turları, restoranlarda dərs ilinin başa çatmasının təntənəli qeyd olunması və s. Valideynlər haqlı olaraq Təhsil Nazirliyinin bu təcrübəni əsas götürərək, növbəti ildə dərslərin mayın sonunda başa çatacağı ilə bağlı qərar açıqlayacağını gözləyirdilər. Amma gözləntilər özünü doğrultmadı.
Görəsən, tədris müddətinin iyunun ortasınadək uzadılmasının valideynlərin bilmədiyi hansı üstünlükləri var? Millət vəkili Fazil Qəzənfəroğlu APA TV-yə açıqlamasında bu qərarı həm uşaqlar, həm də valideynlər üçün ciddi zərbə hesab etdiyini deyib: "O, ölkələrdə ki təhsil müddəti uzadılır, orada yük daha çox valideynlərin yox məktəbin üzərinə düşür. Həmin təhsil müəssisələrinin xüsusi avtomobilləri olur, uşaqların aparılması və gətirilməsi ilə sırf onlar məşğul olurlar. Bundan başqa uşaqların təhlükəsizliyinə zəmanət verilir. Bizdə isə uşaqların böyük əksəriyyətini məktəbə valideynlər aparır. Bu ailə büdcəsi üçün məsrəfdir, eləcə də valideynin istirahət hüququ pozulur, daha isti vaxtlarda uşaqların imtahan verməsi ilə nəticələnir. Məhz bu amillərə görə, verilən qərar absurd qərardır. Bu qərarla bağlı məsələ diqqətlə nəzərdən keçirilməlidir. Çünki bu ölkədə keçirilən beynəlxalq tədbirlər də nəzərə alınmalıdır ".
Məsələyə münasibət bildirən millət vəkili Aqil Abbas deyir ki, dərs ili sentyabrın 1-də başlayıb, mayın 25-də bitməlidir. Millət vəkili qeyd edib ki, təhsil müddətinin uzadılması dərs yükünün çoxaldılması demək deyil: "Çünki əlavə 15 gündə şagirdlər əlavə tapşırıqlar yerinə yetirir ki, bu da elə ciddi effekt verə bilməz. Dərs müddətinin uzadılması uşaqların yüklənməsi və yorulması ilə nəticələnir. Təhsil mütəxəssisləri isə verdikləri qərarı düzgün hesab edirlər. Amma mən düşünürəm ki, 1 sentyabr və 25 may tarixləri qüvvədə saxlanmalıdır. Yəni tədris ilini 15 gün uzatmaqla heç nəyə nail olmaq olmaz. Çünki "quyuya su tökməklə quyuda su olmaz" deyiblər. Guya 15 gün artıq dərs keçəndə alim olacaqlar? Əslində təhsildə problemlər çoxdur. Düz 20 ildir onların həll olunmasını gözləyirik, nəticə isə yoxdur" .
Millət vəkili Siyavuş Novruzovun məsələyə münasibəti tam fərqlidir: "Bilirsiniz ki, indi təhsildə də yetərincə yeniliklər var. Yeni fənlər əlavə olunub. Bunu sosializm dövrü ilə eyniləşdirmək düzgün deyil. Onda təhsil sistemi fərqli idi, indi isə tam başqadır. İstər məktəbə qədər, istərsə də təhsil zamanı yük çoxdur. İnsanların dünya görüşünün artması , hər hansı məsələnin araşdırılaraq öyrənilməsi məsələsi ciddi məsələdir. Hesab edirəm ki, bu həftə sayı ilə ölçülür. Dünya təcrübəsində də var. Elə ölkələr var ki, burada ayla artırılır. Elə ölkələr var ki, burada yarısı təhsilə, yarısı isə təcrübəyə bölünür. Bizdə də regional və iqlim şəraitini nəzərə alaraq müəyyənləşdiriblər. Məsələn, əvvəllər sentyabrın 1-də başlayırdı. Hava şəraitini nəzərə alıb bu müddəti uzatdılar. Əsasən də bunu uşaqların sinifdə əziyyət çəkməməsi ilə əlaqələndirdilər. Düşünürəm ki, bunlar hamısı düşünülmüş addımlardır".
Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyir ki, inkişaf etmiş dövlətlərin əksəriyyətində tədris həftələrinin sayının 37 və daha artıqdır. Bu dəyişikliyin əsas məqsədi şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühitinin yaradılmasıdır: "Demək istədiyim budur ki, orta dünya göstəricisi tədris həftələrinin sayı ilə bağlı 36-38 həftədir. Azərbaycanda isə bu həftələrin sayı 32 həftə idi. Buna görə də təhsil ekspertləri, pedaqoqlar və mütəxəssislərlə təhlillər aparıldıqdan sonra Azərbaycanda tədris həftəsinin uzadılması ilə bağlı qərar qəbul olunub. 2014-cü ilin oktyabrından Nazirlər Kabinetinin bununla bağlı qərarı olub. Bu il isə tədris həftəsi uzadılıb. Dünyanın bir sıra ölkələrində tətil müddətinə diqqət çəkmək istərdim. Azərbaycan çox az ölkələrdəndir ki, burada tətil müddəti çox uzundur. Tətil müddəti 3 ay 15 gün hesablanırdı. Bu, kifayət qədər çoxdur. Baxmayaraq ki, dünyanın inkişaf etmiş ölkələrində yay tətilləri 6-7 həftə nəzərdə tutulur. Bu da il ərzində müvafiq qaydada paylanılır. Biz də ilin bütün fəsillərində tətillər var. Eyni zamanda təqvimdə bayramlar və xüsusi günlər var ki, bu zaman da şagirdlər evdə ola bilir".
Bəs dərs ilinin 15 gün artırılması dövlət büdcəsinə nə qədər vəsaitə başa gəlir? Təəssüf ki, bununla bağlı dəqiq araşdırma aparan olmayıb. Səbəb xərclərin son dərəcə mürəkkəb struktura malik olmasıdır. Məlum olan odur ki, bu ilin büdcəsində təhsil sahəsinə 1,8 milyard manat ayrılıb. Bu, təhsilin hər gününə orta hesabla 5 milyon manat sərf olunması deməkdir. Azərbaycanda 9 aylıq aktiv tədris müddəti olduğunu nəzərə alsaq, bu rəqəm 6,5-7 milyon manat edir. Dərs ilinin 15 gün artırılması təxminən dövlətə təxminən 100 milyon manata başa gəlir. Bax belə... Hesablama səthi və nisbi xətalarla dolu olsa da, ortaya çıxan bu rəqəmi ortaya çıxaran məhz tədris baxımından heç bir effekti olmayan gün artımıdır.