Şahnazaryan: "Ermənistan Rusiya üçün Azərbaycana təzyiq alətidir"
"Əgər Rusiya son 20-25 il ərzində malik olduğundan daha artığını əldə etmək istəyəcəksə, bu, yalnız regionda sülhməramlıların iştirakı ilə mümkün ola bilər. Bu, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun əsas planıdır. Hələlik bu, müəyyən səbəblərdən həyata keçirilmir. Azərbaycanın təmas xəttindəki bəzi prosedurlar, o cümlədən təhqiqat mexanizmləri, Anjey Kasprşikin missiyasının genişləndirilməsi və müasir elektron cihazların quraşdırılması ilə bağlı mövqeyi bəllidir. Lakin Ermənistanın bu məsələlərlə bağlı hansı fikirdə olması hələ də aydın deyil".
APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu fikirləri Regional Tədqiqatlar Mərkəzinin rəhbəri David Şahnazaryan səsləndirib.
O, həmçinin erməni tərəfinin aprel döyüşlərindən ciddi nəticələr çıxara bilməməsini dilə gətirib: "Təəssüflər olsun ki, aprel döyüşlərindən sonra biz ciddi nəticələr çıxara bilmədik. "800 hektar ərazi vacib deyil" ifadəsi nə deməkdir? Əlbəttə ki, bu ərazi olduqca əhəmiyyətlidir. Bu ərazilər yalnız xəritədə qeyd olunmayıb. İtirilən ərazilərdəki hər mövqe, hər yüksəklik olduqca vacibdir. Orada müharibə oldu, ciddi itkilər verdik, amma nə siyasi, nə də hərbi cəhətdən nəticə çıxara bilmədik".
Ekspert Ermənistan ordusunun ölkənin təhlükəsizliyi üçün qarant olmadığını bildirib: "Ölkənin təhlükəsizliyi yalnız ordudan asılı deyil. Biz bu vəziyyətin ölkənin hərbi siyasəti və ya bugünkü geosiyasi mövqeyinin nəticəsi olduğunu anlamalıyıq. Aprel döyüşləri uğursuzluqlarımızın məntiqi nəticəsi oldu. Bu gün Ermənistan Rusiya üçün Azərbaycana təzyiq vasitəsindən başqa bir şey deyil. Bunda da əsas məqsəd regionda və ya Qarabağ münaqişəsi zonasında rus əsgərlərinin yerləşdirilməsidir".