Sevgililər Günü hansıdır: 14 fevral, yoxsa 30 iyun? - SORĞU

Sevgililər Günü... Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan ictimai rəyində özünə yer tuta bilən tarixlərdən biri məhz budur. Son illərə qədər Sevgililər Günü fevralın 14-də qeyd olunurdu. Buna Valentin Günü də deyirlər. Amma son bir neçə ildə 30 iyun da Sevgililər Günü kimi qeyd olunur. Bu isə 20 Yanvar şəhidləri İlhamla Fərizənin evlilik günü ilə əlaqədardır.

 

Bəs görəsən, Bakı sakinləri təqvimin hansı tarixini Sevgililər Günü kimi qeyd edir?

 

- Məncə, beynəlxalq bir gündür, ona görə 14 fevralda keçirilməlidir.

 

- 30 iyun. Axı 14 fevral xristianların bayramı sayılır. 30 iyun isə bizim bayramdır. Bizim şəhidlərimizə, bizim sevgililərimizə görədir. Mən onların sevgisinə daha çox inanıram, nəinki 14 fevralın.

 

- Azərbaycanda yəqin 30 iyundur. Ancaq dünyada 14 fevralda qeyd edirlər. Sevgililər Gününün belə bir mənası yoxdur. Məncə, o gün bir gün deyil. O, 365 gündür. Kimsə kimisə sevirsə, o diqqəti gərək bütün il boyu göstərsin.

 

- 14 Fevral. Valentin günüdür ona görə, bütün dünyada qeyd olunur. Mən 30 iyunu bilmirəm, 14 fevralı bilirəm.

 

- 30 iyunda. Çünki bizə xas olan bir gündür.

 

- Sevdiyinə nə vaxt hədiyyə aldın, nə vaxt xoşbəxt oldun, həmin gün sevgililər günüdür.

 

- 30 iyunda keçirilməlidir, məncə. Belə baxsan, 14 fevralın bizim müsəlman aləminə aidiyyəti yoxdur. Ən azıdan bir Azərbaycan vətəndaşı olaraq 30 iyunda keçirilməsi daha məqsədəuyğun olardı.

 

- Baxır qanuna. Dünya üçün qəbul edilmiş qanun var, Azərbaycan üçün qəbul olunmuş qanun var. Amma hər gün bayramdır. Sevən insanı normal adlandırmırlar deyə, məncə, hər gün bayramdır, çünki dəliyə hər gün bayramdır. Əslində ürəyin nə vaxt istəyir, o vaxt da bayramdır.

 

- Yəqin ki, 30 iyun. 14 Fevral bizə aid deyil, ona görə.

 

- Hamı 14 fevralda keçirir. Elə də olmalıdır.

 

-30 iyunda. 14 fevral bizlik deyil axı, xristianlarındır. Məncə, Sevgililər Günü boş şeydir.

 

- Hər halda, 30-u keçirilsə, yaxşıdır. Ona görə ki, 14-ü bizə aid deyil.

 

- Məncə, heç bir gün, bütün il boyu.

 

- Mənə elə gəlir 30 iyun deyil. Orada ölüm olub. Mən heç 14 fevralı da sevmirəm. Kim kimi nə vaxt sevibsə, o vaxt Sevgililər Günüdür.

 

- 14 fevraldır sevgililər günü. Amma 30 iyunun nə əlaqəsi var ki?

 

- Sevgililər günü yəqin ki, 30 iyun olar. Məncə, yay vaxtıdır. 14 fevral Analar Günüdür deyəsən.

 

- Bu haqda bir məlumatım yoxdur. Onu bilirəm ki, Sevgililər Günü həmişə 14 fevralda keçirilir, ancaq bilmirəm ki, 30 iyun nə günüdür.

 

- Məncə, 14 fevralda keçirilsə, yaxşı olar. 30 iyun Valentin günüdür. Məncə, İlhamla Fərizənin evlilik günü olmağı Azərbaycana daha uyğundur.

Müəllif | Apa.Tv
Apa.tv