İstanbul terrorunun qurbanları Gəncədə yad edildi
İstanbulun Atatürk Hava Limanında törədilən terror aktı nəticəsində həlak olan insanların xatirəsi Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulluğunda anılıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, şəhər rəhbərliyi, ziyalılar və müxtəlif qurumların əməkdaşlarının iştirak etdiyi mərasimdə terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Türkiyənin Gəncədəki vitse-konsulu Əfəndi Dəmir bildirib ki, terror aktı nəticəsində 41 nəfər həlak olub, 239 nəfər yaralanıb: “Bu ağır günlərdə Azərbaycan xalqının dəstəyi bizdə qürur hissi doğurdu, ölkənin hər yerində olduğu kimi, gəncəli qardaşlarımız da yanımızdadır, kədərimizə şərikdir”.
Mərasimdə terror aktı pislənib, terrorla mübarizədə Azərbaycanın hər zaman Türkiyə xalqının və dövlətinin yanında olduğu vurğulanıb. Mərasim iştirakçıları xatirə dəftərinə başsağlığı diləklərini yazıblar.