Soros: "Maliyyə bazarlarında böhran sürətlənəcək"
Böyük Britaniyada keçirilən referendumun nəticələri maliyyə bazarlarında böhranı sürətləndirəcək.
APA TV-nin "Bloomberg"ə istinadən xəbərinə görə, bunu milyarder Corc Soros Avropa Parlamentində çıxışı zamanı açıqlayıb.
O bildirib ki, Avropanın bank sistemi imtahan qarşısındadır. Onun sözlərinə görə, 2007-2008-ci illərdən başlayan proses bu vaxta qədər zəif gedirdi, "Brexit" isə bunu körükləyəcək.
"Onsuz da dünyanın bir çox ölkəsində devalvasiya prosesləri var, indi isə bu tendensiyalar daha da artacaq", - deyə, milyarder qeyd edib.
Avropanın məhdud pul-kredit siyasətinə toxunan Soros bu mexanizmin özünü doğrultmadığını və ciddi sınaqla üz-üzə qaldığını bildirib. Bununla belə, o, qaçılmaz çətinlik qarşısında Avrozonanın Stabil Fondunun duruş gətirə biləcəyini desə də, son vaxtlar qurum daxilində siyasi-ideoloji fikir ayrılıqlarının bu mübarizəyə mane olacağını qeyd edib: "Krallıqda keçirilən referendumun nəticələri onu göstərir ki, arzuolunmaz fərziyyələr reallığa çevrilir. Funt-sterlinq ucuzlaşdı, Şotlandiya ayrılmaq mesajları verir, kampaniyanı dəstəkləyən fəhlə sinfi isə anlayır ki, üfüqdə onların rifah səviyyəsini yüksəldəcək yaxşı heç nə görünmür".
Xatırladaq ki, dünyanın ən zəngin adamlarından olan Soros referendum keçirildiyi tarixdən iki gün öncə "Brexit"in baş tutacağı təqdirdə, funtun 20 faiz dəyər itirəcəyini demişdi. O vurğulamışdı ki, bu devalvasiya dağıdıcı olacaq və 1992-ci ildə 15 faiz ucuzlaşma yaşanan "qara çərşənbə"ni də kölgədə qoyacaq.