Zığ-Suraxanı yolu təmir olunur
11 km-lik Zığ-Suraxanı avtomobil yolunun 5 km-lik hissəsinin əsaslı şəkildə təmirinə start verilib.
APA TV-nin xəbərinə görə, burda yolun hərəkət hissəsinin eni 9 metr təşkil edir.
Təmir işləri çərçivəsində sözügedən ərazinin 2,8 km-lik hissəsində yol yatağının yararsız qruntu 1-1,5 metr dərinlikdə qazılaraq çıxarılır. Daha sonra karbonat materialı tökülərək yeni yol əsası tikilir. Yol boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənir, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılır.
Yolun 2,2 km-lik hissəsində isə köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınır, hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilir.
Bundan başqa, vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol boyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkilərinin tikintisi işləri də aparılacaq.
Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsindən səth sularının ötürülməsi üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulacaq, qrunt sularının ötürülməsi üçün isə drenaj borular qoyulacaq.
Avtonəqliyyat vasitələrinin Zığ-Aeroport yolundan Zığ-Suraxanı yoluna rahat şəkildə daxil olmasını təmin etmək məqsədilə hazırda yeni yol hissəsi də salınır.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılır.