Abid Şərifov və Xələf Xələfov Türkiyə səfirinə başsağlığı verdi
Baş nazirin müavini Abid Şərifov İstanbulun Atatürk hava limanında baş vermiş faciə ilə əlaqədar Azərbaycan hökuməti adından başsağlığı vermək üçün Türkiyə səfirliyinə gəlib.
APA TV-nin məlumatına görə, A.Şərifov Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkuna başsağlığı verib, faciə qurbanları üçün açılmış xatirə kitabına ürək sözlərini yazıb.
A.Şərifovla yanaşı, xarici işlər nazirinin müavini Xələf Xələfov də səfirliyə gələrək Türkiyə səfirinə başsağlığı diləklərini çatdırıb.
Səfir İsmayıl Alper Coşkun ölkəsi üçün bu ağır günlərdə Türkiyənin yanında olduğu və kədərlərini paylaşdıqları üçün Azərbaycan hökuməti və xalqına təşəkkür edib: "Türkiyədə törədilən terror hadisələrindən sonra bizimlə həmrəylik nümayiş etdirən Azərbaycan prezidenti və xalqına təşəkkürümü bildirirəm. Hər dəfə Azərbaycan həm dövlət səviyyəsində, həm də xalq olaraq Türkiyə ilə həmrəyliyini ən güclü şəkildə ortaya qoyub".