Ştaynmayer: "ATƏT həmişə bilib ki, Qarabağ münaqişəsi təhlükəlidir"

“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik, amma danışıqlar naminə danışıqlar olmamalıdır”.

 

APA TV-nin məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayerlə birgə keçirdiyi brifinqdə deyib.

 

“Bakıda danışıqlar aparılacaq, sonra isə prezidentlərin görüşü keçirilə bilər. Fransa tərəfindən təklif var, biz buna etiraz etmirik. Əsas odur ki, danışıqlarda nəticə əldə olunsun. Sülh yolu ilə irəliləyiş istəyiriksə, danışıqlar üçün danışıqlar olmamalıdır”, - deyə o vurğulayıb.

 

Sankt-Peterburqda substantiv danışıqların başladığını deyən nazir bildirib ki, ortada sənəd var və onun üzərində iş gedir: “Bu istiqamətdə işləsək, sülhə nail ola bilərik. Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir, bizə yaxın və qonşu ölkədir. Rusiya üçün Cənubi Qafqazda sabitlik önəmlidir. Biz Rusiyadan da, digər ölkələrdən də silah alırıq. Torpaqlarımız işğal altındadır, etnik təmizləmə olub”.

 

ATƏT-in regionda rolunun böyük olduğunu deyən E.Məmmədyarov qeyd edib ki, bu qurum Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır.

 

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri  Frank Valter Ştaynmayer isə qeyd edib ki, ATƏT Qarabağ münaqişəsinin təhlükəli olduğunu həmişə bilib. Ona görə də atəşkəs rejiminin möhkəmlənməsi üçün lazımı tədbirlər görüləcək: "Aprel hadisələrindən sonra bizə kompromis və təkliflər daha çox lazımdır. İstəyirik ki, münaqişə konstruktiv şəkildə həll olunsun. Münaqişəni həll etmək üçün prezidentlərin görüş imkanlarından istifadə etməli, atəşkəsin bərpası və saxlanması üçün ciddi müzakirələr aparmalıyıq. ATƏT həmsədrləri münaqişənin həlli ilə məşğuldur və münaqişənin həllini istəyirlər. Yalnız ATƏT deyil, region çərçivəsində də danışıqlar olmalıdır. "Status kvo" qəbuledilməzdir, bunu gözardı etməməliyik".

 

Azərbaycanla münasibətlərə toxunan nazir köhnə alman kəndlərinin bərpası barədə Azərbaycandan məktub aldığını bildirib: "Təşəkkür edirəm k, Azərbaycan bu kəndlərin bərpası üçün aktivlik göstərir. Biz bu məsələdə birlikdə çalışacağıq".

 

O, Azərbaycanı Cənubi Qafqaz regionunda güclü oyunçu adlandırıb.

Müəllif | Apa.Tv
Apa.tv