Mikayıl Cabbarov: "Ali məktəblər ödənişli təhsildən aldıqları 100 manatın 80 manatını..."
"İndiyədək bir çox ali təhsil müəssisələrinin tələbələri təhsil haqqını ödəyə bilmədiyi üçün imtahanlara buraxılmırdı. Lakin təhsil kreditlərinin verilməsi sosial-iqtisadi səbəblərdən öz təhsillərini vaxtında başa çatdıra bilməyən tələbələrin sayının azalmasına xidmət edəcək".
APA TV-nin xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Maarifçi Tələbə Kredit Fondunun ilk kreditlərini alan tələbələrə sertifikatların təqdimat mərasimində bildirib.
"Azərbaycanda 60%-dən yuxarı tələbə ödənişli əsaslarla təhsil alır. Dövlət sifarişinin formalaşması prinsipi var və hər bir ixtisas üzrə dövlət öncədən elan edir ki, biz bu sayda bu ixtisas üzrə neçə tələbəni oxutduracaq. Bu rəqəm bəzi ali məktəblərdə az, bəzilərində isə çoxdur. Elə hallar ola bilər ki, dövlət 100 nəfər tələbəni bir ixtisas üzrə ödənişini həyata keçirməyə hazırdır. Lakin bu ixtisas üzrə bal yığan tələblərin sayıl 90 olur. Belə olan halda 10 yer boş qalır. Elə ixtisas olur ki, dövlət 100 nəfər sifariş etdiyi halda, burada təhsil almaq istəyənlərin sayı 500 nəfərdir. Ən yüksək akademik bal toplayan insanların ödənişini dövlət ödəyir" - deyən nazir əlavə edib ki, dövlət bir sıra kateqoriyadan olan vətəndaşların da təhsil xərcini öz üzərinə götürür: "Bəzən bir çox məqalələrdə, təhlillərdə qeyd edilir ki, niyə sovet dövründə təhsil “pulsuz” idi, lakin bu gün təhsil bir qrup tələbələrə pulsuzdur. Heç kim xatırlamaq istəmir ki, yalnız müəyyən sayda tələbə ali təhsil ala bilərdi. Amma bu gün liberallaşmaya gedirik. İldə 12 min mütəxəssisin hazırlanmasına ehtiyac var və dövlət bunu üzərinə götürür. Lakin ali təhsil almaq istəyənlərin sayı çoxdur. Biz bunu alqışlayırıq və ali təhsilin əlçatan olmasına çalışırıq".