İstilərdən necə qorunursunuz? - SORĞU
Bir neçə gündür havalar olduqca isti keçir. Paytaxtımızda temperatur bəzən 35 dərəcəni üstələyir. Yay fəslinin yenicə başladığını nəzərə alsaq, demək, bizi qarşıda daha isti günlər gözləyir.
Görəsən, Bakı sakinləri bu istilərdən necə qorunurlar? APA TV paytaxtda bu sualla sorğu keçirib.
- Birincisi, həmişə evdən çıxanda dərimə krem sürtürəm. Sonra imkan olan qədər evdə qalıram. Həmişə duşa girirəm, başımda da həmişə papaq taxıram.
- Kondisioner yandırıram, o da nə qışda yaxşı isti, nə də yayda yaxşı soyuq verir. Açıram pəncərələri. Gəzməyə də çıxanda su alıram, içirəm, otururam sərin yerdə.
- Soyuq su içirəm. Saat 9-dan 5-ə kimi kölgədə oluram, sonra çıxıram bayıra, gəzməyə.
- Eynək, papaq, bir də su götürürəm yanıma.
- İsti havalardan qorunmaq əldə deyil, çünki bu istidə evdə də oturmaq mümkün deyil. Ev çöldən daha pisdir. Amma gün kremlərindən istifadə etsək, daha məsləhətli olar, çünki günəş şüalarının zərəri var. Özüm qoruna bilmirəm, hazırda "zaqar" almış vəziyyətdəyəm.
- İstilərdə çıxmıram bayıra, vacib olanda gedirəm. Axşam sərin vaxtı dəniz kənarına gedirəm. Sübh vaxtı da saat dördün yarısı namazımı qılıb, dəniz kənarına gedirəm. Gəzirəm iki saat, belə qorunuram.
- Müəyyən qədər çalışıram ki, çox isti olanda bayırda olmayaq. Oluruqsa, kölgəlik yerlərdən istifadə edək.
- Elə qeyri-adi bir şeylə məşğul olmuruq. Sadəcə, daha çox günün isti vaxtlarında günün altına çıxmamağa çalışırıq.
- Çalışıram isti havalarda çölə çıxmayım, amma indi də istidir.
- Çalışıram evdən bayıra çıxmayım. Çıxanda sərinləşdirici içkilərdən içirəm.
- Məktəblə əlaqədar olaraq bütün gün isti havalardayam. Heç nə etmirəm, bacarmıram yəni.
- Mən evdən çıxmıram, kondisionerin havasında otururam. Evdən çıxanda da gördüyünüz kimi, eynəklə özümü qoruyuram, başqa heç bir şey.
- Mənə isti deyil axı. Mən indi oruc tuturam, heç mənə isti olmur mənə.
Bəzi paytaxt sakinləri isə günəşdən qorunmaq üçün demək olar ki, heç nə etmirlər.
- Heç nə.
- Heç nə, isti havaya alışmışıq.
- Heç bir şey, oğlanıq da, nə etməliyik ki?
- Elə bir şey etmirəm, yüngül geyinirəm bəs edir.
- Heç nə demək olar ki, günün altında gəzirəm.
Sorğudan da göründüyü kimi, paytaxt sakinləri günəşdən qorunmaq üçün ya heç nə etmirlər, ya da evdə kondisioner altında otururlar. Çox az bir qisim isə günəş kremlərindən, eynəklərdən istifadə edir.