Novosaratovka-Çobankənd-Novoivanovka yolunun tikintisinə başlandı

Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisinə başlanılıb.

 

APA TV-nin xəbərinə görə, Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun uzunluğu 9,6 km-dir. Yol torpaq və çınqıl örtüklüdür.

 

Layihəyə əsasən, yol 4-cü texniki dərəcəyə uyğun olaraq inşa edilir və 2 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 10 metr olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər iki istiqamət üzrə bərkidici zolaq da daxil çiyinlərin eni 2 metr təşkil edəcək.

 

Hazırda torpaq işləri həyata keçirilir, yol yatağı və yol əsasının tikintisi aparılır. Layihə çərçivəsində suların ötürülməsi üçün su borularının və su keçidlərinin tikintisi işləri də aparılacaq. Torpaq işləri yekunlaşdıqdan sonra yola asfalt-beton örtüyünün döşənməsinə başlanacaq.

 

Qeyd edək ki, sözügedən yolun tikintisi ilə 5 yaşayış məntəqəsinin 7 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq. Bundan başqa, inşa olunacaq yeni yol kənd təsərrüfatının və turizmin inkişafına da gətirib çıxaracaq.

Müəllif | Apa.Tv
Apa.tv