Rejissor Anna Koqan: «Orxan Zeynalovla bağlı VİDEOLAR MONTAJDIR»

Rusiyalı rejissor və ssenarist Anna Koqan Orxan Zeynalovun guya Yeqor Şerbakovu qətlə yetirdiyini isbatlayan videokadrların montaj olduğunu bəyan edib. O bildirir ki, NTV telekanalı və Daxili İşlər İdarəsinin Şerbakovu hansısa “qafqazlının” öldürdüyünə dair sübut kimi istifadə etdiyi video onda müəyyən suallar doğurub: 

 

"Mən bu roliki hazırlayıb youtube kanalına yükləyəndə mənə haqlı olaraq irad tutdular ki, 3 dəqiqə, 51-ci saniyədən sonra verdiyim şərhlər ədalətsizdir. Yəni görüntülər müşahidə kameralarından götürülə bilər. Lakin sadəcə məsələ bundadır ki, Daxili İşlər İdarəsinin saytına bu kameralardan götürülmüş videkadrların əsli qoyulmayıb, monitorlardan çəkilmiş görüntülər yüklənib. Buna görə də videonu məhz operatorun çəkdiyinə əmin deyiləm. Bununla belə qafqazlı və başında kepka olan qızla bağlı videomaterial yenə də mənə quraşdırma təsiri bağışlayır”. 

 

APA TV-nin xəbərinə görə, Anna Koqan bildirib ki, NTV kanalında edilımiş montaj da onda bir sıra suallar doğurur: 

 

“Xüsusilə də NTV kanalının bu videoya verdiyi şərhlər. Lakin əsas məsələ budur – məhz bu videoya baxaraq Yeqor Şerbakovu məhz Orxan Zeynalovun öldürdüyü qənaətinə gəlinib, bu tamamilə aydın deyil. Bu mənim öz şəxsi fikrimdir və səhv də edə bilərəm”. 

 

Qeyd edək ki, Anna Koqan Orxan Zeynalovun guya qətli törətdiyini isbatlayan görüntülərin montaj olduğunu isbatlayan videomaterial hazırlayıb və Youtube kanalına yerləşdirib. Həmin material bir gün youtube kanalında qaldıqdan sonra çıxarılıb. 

 

Məşhur aparıcı Kseniya Sobçak da Orxan Zeynalovun saxlanması kadrlarının qurama olduğunu deyib. “Bu kadrlara baxanda adamda belə təsəvvür yaranır ki, saxlanma səhnəsinin prodüseri Rodnyanskidir, görüntüləri isə Fyodr Bondarçuk çəkib. Deyəsən, bizim ben Laden həbs olunub, ölkə isə xilas edilib”. 

Müəllif | Apa.Tv