“Baku Steel Company”də partlayış oldu: 5 yaralı

Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” zavodunda istehsalat qəzası nəticəsində partlayış baş verib.

 

APA TV-nin məlumatına görə, partlayış nəticəsində beş nəfər xəsarət alıb.

 

Həmin şəxslər zavodda işləyənlər - Sumqayıt şəhər sakini, 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, Masallı rayon sakini, 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, Şabran rayon sakini 1959-cu il təvəllüdlü Nüsrətdin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanovdur.


Ə.Ələsgərov və E.İbadullayev tibbi yardım aldıqdan sonra evə buraxılıb, digər yaralıların vəziyyəti stabil ağırdır. Partlayışın hansı səbəbdən baş verdiyi barədə “Baku Steel Company” zavodundan məlumat verilməyib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev "APA-Economics"in sorğusuna cavab olaraq bildirib ki, "Baku Steel Company" zavodunda baş verən partlayışın səbəblərinin öyrənilməsi üçün  Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təhqiqat işlərinin aparılmasına başlanılıb. Onun sözlərinə görə, hadisəni Dövlət Xidmətinin, müəssisənin özünün işçilərinin, həmkarlar təşkilatının birgə təmsil olunduğu komissiya araşdıracaq: "Hazırda hadisənin hansı səbəbdən baş verməsi barədə dəqiq məlumat vermək mümkün deyil. Araşdırmanın nəticəsi barədə ətraflı məlumat veriləcək".

Müəllif | Apa.Tv
Apa.tv