Bal, arı südü, vələmum... SƏRGİDƏN REPORTAJ

Dünyanın ən gözəl təbii qidası sayılan bal, arı südü, vələmum, propolis, bal tərkibli qidalar, dərmanlar... Və bütün bunlar Azərbaycanın müxtəlif rayonlardan olan sahibkarların təqdimatında. Bakının mərkəzində keçirilən bu sərgi bölgədə yaşayan sahibkarların bazara çıxışını təmin etmək, onlara dəstək olmaq məqsədi daşıyır.

 

Sərgidə uzun müddətdir sahibkarlıqla məşğul olan şirkətlər də var, ilk dəfə qatılanlar da.

 

İlqar Əhməd, "Balçı" şirkətinin satış meneceri: "Biz "Balçı" olaraq sərgidə ilk dəfədir iştirak edirik. Bizim məhsullarımız yüksək keyfiyyətli məhsullardır. Balın Avropa bazarına çıxmasında maraqlıyıq. Əlbəttə, məhsul öncə Azərbaycan bazarında yerləşməlidir. Ondan sonra Avropaya, dünyanın digər ölkələrinə çıxmaq fikrindəyik".

 

İqtisadiyyat Nazirliyi və YAP Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən sərgi-konfransın məqsədi gənclərin sahibkarlığa cəlb edilməsi, həmçinin gənc sahibkarların inkişafına dəstək olmaq, onların maarifləndirilməsində yardımçı olmaqdır.

 

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, bugünkü tədbirdə gənclər  və eyni zamanda iri holdinqlər, şirkətlər iştirak edir: "Əsas məqsəd gənclərlə iri şirkətlər arasında əlaqələrin qurulması, onların biznes ideyalarının, sahibkarlıq təşəbbüsünün dəstəklənməsidir".

 

Sahibkarlar sərgi iştirakçılarına məhsullar haqqında geniş bilgi verib. Eyni zamanda qarşıya qoyulan məqsədləri, uğurları, çətinlikləri barəsində nazirliyin mütəxəssisləri məlumatlandırılıb: "Bu gün arıçılıq məhsulları və xalq sənətkarlığı məhsullarının sərgisi təşkil olunub. Bunda əsas məqsəd yerli məhsulların gənclər vasitəsilə təşviqi, gənclərin bu məhsullarla bağlı biliklərinin artırılması, eyni zamanda həmin məhsulların təşviqində gənclərin rolunun artırılmasıdır".

 

Sərginin digər bölməsində isə xalq sənətkarlığı məhsullarının sərgisi keçirilib. Azərbaycanın müxtəlif rayonlarından olan sənətkarlar öz əl işlərini təqdim ediblər. Burda müxtəlif xammaldan hazırlanmış bəzək əşyaları, metal məişət əşyaları, saxsı və şüşə qablar, xalılar nümayiş olunub.

 

Nəzər Əliyev, misgər: "Mis əşyaların düzəldilməsi, təmiri ilə məşğuluq. Mis əşyalar insan həyatının ayrılmaz hissəsi olub.  Bu əşyalar təsərrüfatda çox işlədilir. O cümlədən kənd təsərrüfatında, arıçılıqda, maldarlıqda bizim istehsal etdiklərimiz əşyalar istifadə olunur. Mən arzulayıram ki, gənclər arasında da sahibkarlar, sənətkarlar yetişsin. Sənətkarlıq insana verilmiş bir xoşbəxtlikdir".

 

Sonra tədbirin təşkilatçıları sahibkarlar və sərgi iştirakçıları üçün konfrans təşkil edib. Konfransda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, modelyer Fəxriyə Xələfova və digər şəxslər çıxış edib. Nazir müavini gənclərin biznes mühitinə cəlb olunması işində nazirliyin fəaliyyətindən danışıb. Fəxriyyə Xələfova isə gənclərə biznesdə necə uğur qazana biləcəkləri barədə təcrübələrini bölüşüb.

 

Müəllif | Apa.Tv
Apa.tv