Azərbaycanda silah alveri ilə məşğul olan qrup zərərsizləşdirilib

APA TV-nin yerli bürosunun xəbərinə görə, Şəki Şəhər-Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ceyhun Hümmətovun və Səbuhi Abulhəmidovun Gürcüstan vətəndaşı Tangiz adlı şəxsə 1300 manata satmaq məqsədilə içərisində 1 ədəd avtomat, patron və patron darağı olan qutunu Bakı şəhərinə göndərmək üçün həmyerliləri Elşən Məhərrəmova vermələri müəyyən edilib.

 

Keçirilmiş əməliyyat nəticəsində Ceyhun Hümmətov, Səbuhi Abulhəmidov və Elşən Məhərrəmov saxlanılıblar.

 

Elşən Məhərrəmov izahatında qeyd edilən qutunu Bakı şəhərinə aparması üçün həmyerlisi Elşən Göyüşova verdiyini bildirib.

 

İyunun 29-da Elşən Göyüşovun idarə etdiyi “Mercedes” markalı avtomobil BDYPİ-nin əməkdaşları tərəfindən Qobustan rayonu ərazisində saxlanılıb, baxış zamanı içərisində 1 ədəd “AKSU” markalı silah, 24 ədəd patron və 1 ədəd patron darağı olan qutu aşkar edilib.

 

Saxlanılan şəxslərdən Səbuhi Abulhəmidovun Şəki şəhərində evinə baxış zamanı 1 ədəd “F-1” qumbarası aşkar edilərək götürülüb.

 

Faktla bağlı Şəki Şəhər-Rayon PŞ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv