Uels millisi tarix yazdı
Uels millisi futbol üzrə Avropa çempionatının 1/4 mərhələsində Belçika yığmasını məğlub edib. APA TV-nin məlumatına görə, Lill şəhərində keçirilən qarşılaşma Uels millisinin 3:1 hesablı gözlənilməz qələbəsi ilə başa çatıb.
Oyunda hesabı Belçika millisi açıb. 13-cü dəqiqədə Raca Nainqqolan uzaq məsafədən baxımlı qol vurub.
Bundan 18 dəqiqə sonra Uels millisinin müdafiəçisi Eşli Uilyams bərabərliyi təmin edib.
Qarşılaşmanın ilk hissəsi bərabərliklə bitib.
56-cı dəqiqəsə hücumçu Robson-Kanu gözəl fəndlərlə Belçika millisinin üç futbolçusunu aldadıb və komandasını hesabda irəli çıxarıb.
Oyunda son nöqtə 86-cı dəqiqədə vurulub. Sem Vouks belçikalıların kiçik ümidlərinin də üstündən xətt çəkib - 3:1
Beləliklə, Uels millisi Avro-2016-nın yarımfinalına çıxıb. Uelslilərin iyulun 6-da keçiriləcək yarımfinal oyunundakı rəqibi Portuqaliya millisi olacaq. Çempionatın ən güclü heyətlərindən birinə malik olan Belçika millisi isə evə qayıdır.