Azərbaycanda axtarışda olan "Vanqa" ləqəbli cinayətkar tutuldu

Goranboy polisi oğurluqla məşğul olan 7 nəfərlik dəstənin axtarışda olan 2 üzvünü saxlayıb.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Goranboy və Göygöl rayonlarında mağazaları, evləri, poçt şöbəsini soyan, subartezian quyularının elektrik kabellərini oğurlayan dəstənin 5 üzvü bu ilin mayında tutulub.

 

Həmin vaxt istintaqdan yayınmağı bacaran “Vanqa” ləqəbli Vaqif Hüseynov və İlkin Şıxıyev Bakı şəhərində ələ keçirilib. İstintaq zamanı məlum olub ki, dostlar axtarışda olduqları müddətdə də bir sıra cinayətlər törədiblər. Vaqif Hüseynov axtarışda olduqları müddətdə nə üçün oğurluq etdiklərini etiraf edib: "Pulumuz yox idi. İstəyirdik pulumuz olsun. Haranısa aparmalıydıq. Dəliməmmədlidən mağazanı apardıq, çay evini apardıq, televizor-zad hər şey var idi içində. Bir də Qərvənddə evə girmişdik, oradan heç nə götürməmişik. Bir dənə qazan var idi, xoşumuza gəldi, onu da götürüb tulladıq".

 

Goranboy Rayon Polis Şöbəsindən bildirilib ki, saxlanılan şəxslərin axtarışda olduğu müddətdə törətdikləri cinayətlərin sayının etiraf etdiklərindən daha çox ola biləcəyi də istisna deyil. Məlumata görə, saxlanılan şəxslər əvvəllər də oğurluq etdiklərinə görə məhkumluq həyatı yaşayıb.

 

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv