Banqladeşdə qanlı terror: İŞİD danışıq təklifini qəbul etmədi

Banqladeşin paytaxtı Dəkkədə naməlum silahlılar diplomatik məhəllədə yerləşən restorana hücum edib.

 

APA TV-nin “Euronews”a istinadən xəbərinə görə, silahlılar restoranda 20 nəfəri girov götürüb. Girovlar arasında restoranın işçiləri və iş adamları ilə yanaşı, Hindistan, İtaliya və Yaponiya vətəndaşları da olub.

 

İnsidentə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. Hüquq-mühafizə orqanlarının terrorçularla danışıq aparmaq və girovları dinc yolla azad etmək cəhdləri nəticə verməyib. Bu səbəbdən Banqladeş polisi girovların azad etmək üçün xüsusi əməliyyat keçirib.

 

Əməliyyatda 100-dən çox xüsusi təyinatlı döyüşçünün iştirak etdiyi bildirilir. İlkin məlumata görə, silahlılarla atışma zamanı 2 polis əməkdaşı ölüb.

 

Hücum nəticəsində 13 girov, o cümlədən 3 əcnəbi azad edilib, 5 nəfərin öldüyü bildirilir. İlkin məlumata əsasən hücum nəticəsində bir neçə polis əməkdaşı daxil olmaqla, azı 30 nəfər yaralanıb.

 

Polis rəsmiləri “NBC News” telekanalına bildiriblər ki, əməliyyat zamanı bütün terrorçular öldürülüb. Qarşıdurma ümumilikdə 10 saatadək çəkib.

Müəllif | Apa.Tv
Apa.tv