Zahid Zeynalov: “Orxanın qətl törətdiyinə inanmıram, onu ETİRAFA MƏCBUR EDİBLƏR”

“İnanmıram ki, oğlum elə bir hadisəni törətmiş olsun”. Bu barədə APATV-yə açıqlamasında Rusiyada qətl hadisəsi törətməkdə təqsirli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun atası Zahid Zeynalov deyib.


“Bəlkə ola bilsin ki, məcbur ediblər. Bəlkə fiziki güc tətbiq ediblər. Çıxanda da elə göstərirdilər ki, fiziki güc tətbiq ediblər. İnsan hüquqlarını tapdalayıblar. Ona görə mən oğlumun bu hadisəni törətdiyinə inanmıram”.

Zahid Zeynalov sonuncu dəfə oğlu ilə oktyabrın 15-də səhər saatlarında danışıb. Hadisədən isə daha sonra efirdən xəbər tutub. O oğlu ilə bağlı informasiya almaq imkanlarının da məhdud olduğunu deyib.

”Məsələdən dövlət səviyyəsində məlumat var. Bizim səfirliyimiz də bilir. Lazım gəlsə, özləri tədbir görərlər. Hər halda Orxan Azərbaycan vətəndaşıdır. Mən müəllim adamam, məktəbdə işləyirəm, tək canımla nə edə bilərəm? Vəziyyətin belə olduğunu jurnalistlərimiz də bilir, Daxili İşlər Nazirliyi də bilir”.

Zahid Zeynalov deyib ki, oğlu Azərbaycandan 2010-cu ilin mart ayında gedib və bir daha geri qayıtmayıb. O, oğlunun 10 ildir Azərbaycana gəlmədiyi barədə xəbərləri də təkzib edib. Orxan Zeynalovun atası bildirib ki, oğlunun 2009-cu ildə Azərbaycanda toyda iştirakını təsdiqləyən videomaterial da var.

Zahid Zeynalov oğlunun Moskvada ilk əvvəllər taksi sürdüyünü, avtomobil idarəetmə hüququndan məhrum edildikdən sonra isə xırda ticarətlə məşğul olduğunu deyib.

Müəllif | Apa.Tv