TOYDA DAVA: Lənkəran sakini ölümcül yaralandı

Lənkəranda bıçaqlanma hadisəsi olub. APA Tv-nin xəbərinə görə, rayonun Aşağı Nüvədi qəsəbəsində toy zamanı qəsəbə sakinləri, 40 yaşlı Nadir Söhrab oğlu Əliyev və 28 yaşlı Orxan Yaqubəli oğlu Mirzəyev arasında mübahisə yaranıb. Nəticədə Nadir Əliyev üstündə gəzdirdiy bıçaqla Orxan Mirzəyevə döş nahiyyəsindən bədən xəsarəti yetirib.

 

Zərərçəkənin əmisi oğlu Natiq Mirzəyev deyib ki, mübahisə spirtli içki üstündə olub.

 

Yaralı Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Həkimlərin vaxtında müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

 

- Xəstə cərrahiyə şöbəsinə döş qəfəsinin sol en səthinin kəsilmiş-deşilmiş yarası ilə qəbul olunub. Təcili surətdə əməliyyat olunub. Əməliyyat zamanı yaranın döş boşluğuna keçməsi aşkar olunub. Hal-hazırda xəstənin həyatı üçün təhlükə yoxdur.

 

Hadisəni törətməkdə şübhəli bilinən Nadir Əliyev könüllü polisə təslim olub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərərvurma–yəni insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv