ZƏNCİRVARİ QƏZA: oğul öldü, ata ağır yaralandı
Hacıqabul rayonunda baş verən zəncirvari qəzada bir nəfər ölüb, bir nəfər ağır yaralanıb. Baş Dövlət Yol Polisi İdarəsinin müstəntiqi Qəzənfər Mansurovun APA TV-yə bildirdiyinə görə, oktyabrın 17-də bu gün səhər saatlarında dumanlı hava şəraitində Bakı-Qazax yolunun 122-ci kilometrliyində - Muğan kəndi ərazisində 4 avtomobilin toqquşub. Ötmə əməliyyatını düzgün yerinə yetirməyən Əsədov Elşən Məhəmməd oğlunun idarə etdiyi “Ford Transit” markalı mikroavtobus, İsmayılov Afiq Sultan oğlunun idarə etdiyi “KRAZ” markalı yük maşını ilə toqquşub, zərbənin gücündən “Ford” Səmədov Ağakişi Xankişi oğlunun idarə etdiyi “Mercedes” və Məmmədov Sadiq Rəhim oğlunun idarə etdiyi "VAZ 21154" markalı avtomobillərə çırpılıb. Nəticədə “Ford Transit”in sürücüsü, Hacıqabul rayonunun Muğan kənd sakini, 1978-ci il təvəllüdlü Elşən Əsədov hadisə yerində ölüb, həmin avtomobildə olan sərnişin, sürücünün atası, 1955-ci il təvəllüdlü Əsədov Məhəmməd Sadiq oğlu ağır kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. Faktla bağlı BDYPİ-də araşdırma aparılır.