Prezident seçkilərinin YEKUN PROTOKOLU TƏSDİQLƏNDİ

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. APA TV-nin xəbərinə görə, iclasda komissiya oktyabrın 9-da keçirilən prezident seçkilərinə yekun vurub. Seçki Məcəlləsinin 108-ci və 203-cü maddələrinin tələblərinə əsasən, MSK-nın seçkilərin nəticələri üzrə protokolu tərtib edilərək 17 komissiya üzvü tərəfindən imzalanıb. Ümid Partiyasından olan MSK üzvü Akif Qurbanov yekun protokola imza atmayıb.
Sonra protokol təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərilib.

MSK sədri Məzahir Pənahov bildirib ki, seçkilərin yekunları ilə bağlı rəylər onu deməyə əsas verir ki, seçkilər çox mütəşəkkil şəkildə keçirilib, seçicilər maneəsiz olaraq məntəqələrə gəlib. Onun sözlərinə görə, MSK-ya oktyabrın 9-da seçkilərin gedişi ilə bağlı ciddi müraciət daxil olmayıb. Məzahir Pənahov vurğulayıb ki, seçkilərin yekunu olaraq prezident İlham Əliyev səslərin böyük hissəsini toplayaraq qalib gəlib.

Prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov ölkə seçicilərinə və MSK üzvlərinə seçkilərin keçirilməsi ilə bağlı öz təşəkkürünü bildirib.
 

 

Müəllif | Apa.Tv