Merkel: "NATO-nun Rusiyaya etimadı sarsılıb"
"NATO-nun Rusiyaya münasibətdə strategiyası müdafiə xarakteri daşıyır". APA TV-nin RBK-ya istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel Bundestaqda çıxışı zamanı deyib.
O bildirib ki, alyans Rusiyaya qarşı siyasətini “çəkindirmə və dialoq” əsasında qurur: “Bu iki proses bir-birindən ayrı ola bilməz. Biz razıyıq ki, Avropada davamlı sülhə Rusiyasız nail olmaq mümkün deyil”.
A.Merkelin sözlərinə görə, alyansın Şərqi Avropadakı üzvləri, əsasən də Polşa Rusiyanın fəaliyyətlərindən həddən artıq narahatdır. O qeyd edib ki, rəsmi Moskvaya olan etimad Ukrayna hadisələrindən sonra sarsılıb: " Çünki sözdə və əməldə qanunun aliliyi və sərhədlərin toxunulmazlığı prinsipindən söhbət gedirsə, əlbəttə, etibar itməlidir".
Kansler alyansın Baltikyanı bölgədə və Polşada güclənməsinin vacibliyinə də diqqət çəkib: “Almaniya bu tədbirlərə əhəmiyyətli töhfə verir”.
A.Merkel NATO-nun Avropada raket əleyhinə müdafiə sistemləri yerləşdirməsinin neytral xarakter daşıdığını və Rusiya əleyhinə yönəlmədiyini diqqətə çatdırıb.