Kiyevin Moskva prospektinin adı dəyişdirildi: BANDERA
Bu gün Kiyev Şəhər Şurası paytaxtın Moskva prospektinin adının dəyişdirilərək Stepan Bandera adlandırılması ilə bağlı qərar qəbul edib.
APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Kiyev Şəhər Şurasının deputatı Yuri Sirotyuk öz "Facebook" səhifəsində yazıb.
“Ura! Artıq Kiyevdə Stepan Bandera adına prospekt var. 97 deputatdan 87-si lehinə səs verdi. Əleyhinə səs verən olmadı. Ukraynaya eşq olsun” , - deyə o, qeyd edib. Y.Sirotyuk Vatutin prospektinin Roman Şuxeviç prospekti adlandırılması məsələsinə baxılacağını da söyləyib.
Qeyd edək ki, Stepan Bandera Ukrayna millətçiliyinin ideoloqlarından biridir. O, 1930-40-cı illərdə fəaliyyət göstərmiş Ukrayna Millətçiləri Təşkilatının lideri olub. Faşistlər tərəfindən həbs edilib və müharibədən sonra azadlığa çıxıb. 1959-cu ildə Münhendə DTK agenti tərəfindən qətlə yetirilib.
Roman Şuxeviç isə İkinci Dünya müharibəsi illərində həm faşistlərə, həm də sovet ordusuna qarşı müharibə aparmış Ukrayna Üsyançı Ordusunun komandanı olub. O, 1950-ci ilə qədər Ukraynanın müstəqilliyi uğrunda mübarizə aparıb və həmin il Ukraynada DTK əməkdaşları tərəfindən öldürülüb.