Elman Abdullayev: "Rusiyadakı səfirliyimizə Orxan Zeynalovla görüşmək tapşırılıb"
Orxan Zeynalovun məhkəmə qərarı olmadan cinayətkar və qatil adlandırılması, eyni zamanda kobud formada həbsi, bu faktların KİV-də qabardılması təqsirsizlik prizumpsiyasının pozulması deməkdir. APA TV xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevin sözlərinə görə, bu fikirlər Azərbaycanın Rusiyadakı səfirliyinin Rusiya Xarici İşlər Nazirliyinə təqdim etdiyi notada öz əksini tapıb:
- Məişət zəminində baş verən bu hadisənin tamamilə başqa bir formada təqdim edilməsi təəssüf doğurur. Hesab edirik ki, bu hadisə öz həllini məhz hüquqi əsaslarla tapmalıdır. Kifayət qədər sənədlər mövcuddur ki, bu məsələ öz həllini tapsın. Azərbaycanla Rusiya arasında ikitərəfli konsulluq haqqında konvensiya mövcuddur.
Elman Abdullayevin sözlərinə görə, Azərbaycan dövləti öz vətəndaşına lazımi hüquqi dəstək göstərəcək və bununla bağlı Azərbaycanın Moskvadakı səfirliyinə lazımi təlimatlar verilib. O bildirib ki, hazırda məhkəmənin qərarı gözlənilir və artıq Rusiya tərəfindən Orxan Zeynalovla görüşün təşkil olunması istənilib.
Elman Abdullayev Azərbaycan səfirliyinin Rusiyada öldürülmüş Ruslan Qaraxanlının qətli ilə bağlı istintaqın gedişini də diqqətdə saxladığını deyib.
Nazirlik sözçüsü 3 Azərbaycan vətəndaşının İrandan ekstradisiyası məsələsinə də toxunub. Onun sözlərinə görə, İran tərəfi ilə bununla bağlı uzun müddət danışıqlar aparılıb:
- Azərbaycanla İran arasında ekstradisiya haqqında ikitərəfli saziş mövcuddur. Bu danışıqlardan sonra İran tərəfi öz razılığını verib ki, 3 Azərbaycan vətəndaşı - Kamal Qədirov, Eyvaz Məmmədov və Zamin Həsənovun ekstradisiyası baş versin.
İtalyanın “Prada”, “Armani” və “Versace”nin Azərbaycanın işğal olunmuş ərazilərində nümayəndəliklərinin açılması ilə bağlı xəbəri təkzib etdikdən sonra Azərbaycanın İtaliyadakı səfirliyinin müraciətlərinə cavab olaraq, “Moschino” şirkəti də təkzib məktubu təqdim edib. Bu barədə məlumat verən Elman Abdullayevin sözlərinə görə, 14 oktyabrda təqdim olunan məktubda internet portallarında dərc olunmuş məlumatların saxta və əsassız olduğu bir daha vurğulanır:
- Bizim şirkət erməni hərbi işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində istehsal müəssisəsi və ya digər növ müəssisə açmaq marağında deyil və olmayıb.
Məktubda həmçinin göstərilir ki, adıçəkilən xanım Antanello Qambanın şirkətlə heç bir əlaqəsi yoxdur.