BVF: OPEK-in qərarı neftin qiymətini artıracaq
Beynəlxalq Valyuta Fondunun mütəxəssisləri OPEK-in 2014-cü ildə açıqlanan inkişaf strategiyasını təhlil ediblər.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, aparılan araşdırmalar zamanı təşkilatın bazardakı iştirak payının artırılmasına yönələn siyasətinin heç bir nəticə vermədiyi açıqlanıb.
Analitiklərin qənaətincə, 2020-ci ildə OPEK-in bazardakı payının məhdudlaşdırılması halında neftin bir barelinin qiyməti 75 dollaradək artacaq.
Fondun yaydığı sənəddə eyni zamanda OPEK-in neft bazarındakı iştirak payının hazırda 42 faiz olduğu bildirilib.
Həmçinin o da qeyd olunub ki, "qara qızılın" qiymətinin artırılmasına nail olmaq üçün qurum bu rəqəmi 35 faizə endirməklə bərabər, təchizatı 7 milyon barelə qədər azaltmalı, o cümlədən ABŞ-a məxsus şirkətlərin bazardan çıxarılması ideyasını da unutmalıdır.
Fonddan bildirilib ki, əgər təşkilat 2020-ci ilədək bazardakı mövcud payını əhəmiyyətli dərəcədə azaltmazsa, 1 barel neftin qiyməti 58 dollar civarında tərəddüd edəcək.
Qeyd edək ki, 2016-cı ilin iyun ayında Beynəlxalq Valyuta Fondunun ekspertləri cari ildə neftin ortalama qiymətinin 36, 2017-ci ildə 42, 2021-ci ilədək olan uzunmüddətli proqnozlarda isə 51 dollar olacağını bildirmişdilər.