Ağstafada PARTLAYIŞ BAŞ VERİB
Ağstafada yaşayış evində partlayış baş verib. APA TV-nin Qərb bürosunun məlumatına görə, hadisə rayonunun Dağ Kəsəmən kəndində, Mahirə Bayraməliyevaya məxsus evdə baş verib. Evin bir otağına qaz dolub və evdə yaşayan 35 yaşlı Musa Bayraməliyev alışqanla siqaret yandırmaq istəyərkən partlayış baş verib. Musa Bayraməliyev evin qarşısında yerləşən yardımçı otaqda qalırmış, hadisə elə o otaqda baş verib. Musa Bayraməliyev bədəninin 80 faizinin yanığı diaqnozu ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyətinin ağır olduğunu bildirirlər.
Ağstafa rayon Qaz İstismar İdarəsindən bildiriblər ki, partlayış qaz sızması nəticəsində baş versə də, hadisə baş verən mənzildə qaz sistemində avadanlıqların hamısı qaydasında olub. Ağstafa rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.