Diaspora üzvləri: “Kseniya Popovanın Orxan Zeynalova KÜLLİ MİQDARDA BORCU OLUB”

Moskvada yerli sakin Yeqor Şerbakovun qətli ilə bağlı yeni versiya üzə çıxıb. Qətldə şübhəli bilinən Orxan Zeynalovun vaxtilə ticarətlə məşğul olduğu Kolomna meyvə bazasında çalışanlar bildiriblər ki, onlarda istintaq üçün vacib məlumat var.

Onlar deyiblər ki, Orxan mərhum Yeqor Şerbakovun sevgilisi olduğu bildirilən qızla çoxdan tanış imiş. Həmin gecə münaqişə səbəbsiz olmayıb. Bazarda işləyənlərin sözlərinə görə, Kseniya Popova Orxan Zeynalovdan külli miqdarda borc pul alıbmış. Amma cinayət işində belə bir məlumat yoxdur.

Bazarda alverlə məşğul olan İsrafil Babayevin sözlərinə görə, Orxan Zeynalov Kseniya Popovadan pulunu istəyib. Həmin vaxt Yeqor Şerbakov onlara yaxınlaşıb və dava düşüb.

Orxan Zeynalovun özü isə istintaqa belə bir ifadə verməyib. Əksinə, o, heç kimi öldürmədiyini bəyan edib. Buna rəğmən istintaq artıq iki gündür onun cinayəti etiraf etdiyi barədə məlumatlar yayır.

Mərhum Yeqor Şerbakovun valideynləri oğullarının sevgilisi olan Kseniya Popovanın Orxan Zeynalovu əvvəlcədən tanıdığına inanmırlar. Yeqor Şerbakovun anası Yelena Şerbakovanın sözlərinə görə, oğlu və Kseniya nikah üçün müraciət etməyə, ilin sonunda isə evlənməyə hazırlaşırmış.

Yeqor Şerbakovun ailə üzvləri Orxan Zeynalovun valideynləri ilə görüşməyə hazır olduqlarını da deyiblər. Mərhumun atası Vladimir Şerbakov bildirib ki, Orxanın valideynlərinə acıyır: “O, təkcə öz valideynlərini yox, həm də Qafqaz xalqlarını pis vəziyyətdə qoyub”.

Xatırladaq ki, Yeqor Şerbakov oktyabrın 10-una keçən gecə qətlə yetirilib. Qətldə şübhəli bilinən Orxan Zeynalov saxlanılıb və ötən gün barəsində həbs - qətimkan tədbiri seçilib.
 

Müəllif | Apa.Tv