Tərtərdə bir gecədə üç evə basqın edən maskalı şəxs tutuldu
Tərtərin Qaraqoyunlu kəndində bir gecədə üç evə basqın edən maskalı şəxs saxlanılıb.
APA TV-nın Qarabağ bürosunun xəbərinə görə, saxlanılan şəxs elə həmin kəndin sakini, 21 yaşlı Ağacanov Azər Ağacan oğludur.
Tərtər Rayon Polis Şöbəsinin müstəntiqi Tural Əhmədli APA TV-yə bildirib ki, saxlanılan şəxs artıq əməlini etiraf edib.
Müstəntiqin sözlərinə görə, A.Ağacanovun basqın etdiyi ailələrin hər üçü ailə başçısını itirib. O, aprelin 20-də qarət məqsədilə kənd sakinləri Maral Əliyeva, Tamella Əliyeva və Nəzakət Məmmədovanın evlərinə girsə də, məqsədinə nail ola bilməyib.
Azər Ağacanov ilk olaraq kənd məktəbində müəllimə işləyən Maral Əliyevanın evinə basqın edib. O, evə girməmişdən əvvəl işıq xəttini kəsib. Evdə Maral Əliyeva qızı və qaynanası ilə birgə olub. Maral xanım ayaq səslərindən qardaşı Röyalın gəldiyini düşünüb. Onu səsləyəndə isə bıçağın boğazına dirəndiyini hiss edib. Qışqırıq səsinə oyanan qaynanası yataq xəstəsi olduğu üçün kömək edə bilməyib. Maral Əliyeva bıçağı almağa çalışanda isə əlini kəsib.
Azər Ağacanovun qeyri-qanuni yolla girdiyi ikinci ev Tamella Əliyevanın yaşadığı ünvan olub. 50 yaşlı Tamella Əliyeva anası və qızı ilə birlikdə yaşayır. Maskalı şəxs onu yuxudan oyadıb. Amma çağırılmamış “qonaq” bıçaqlı olduğundan, səs-küy sala bilməyib: “Gözümü açdım ki, bu ağzını qara sarıyıb, mən onu həyatda belə tanımaram. Amma maketini gördüm ki, mən boydadır. Bıçaq buramda, yavaşca mənə deyir ki, səsini çıxartsan, səni vuracağam. Dedim ay bala, bir o yana dur, görüm nə istəyirsən məndən. Əl atdım xalatımı götürdüm, dedim mənim nə qızılım var, nə də pulum”.
Tamella xanımın azyaşlı qızı anasına kömək edə bilməsə də, telefonla qonşunu köməyə çağırıb: “Dedim bura hardan girmisən, nətər girmisən? Bax keçib darvazanı açıb, lomu arxasından götürüb, gəlib çıxıb bura, şüşəni çıxardı qoyub "duxovka"nın üstünə, rəzəni açıb. O, nə qədər ürək yiyəsidir ki, ən axırıncı "kravat"da mən yatıram, gəlib məni durğuzub. Qonşu mənim qanımın arasına girməsəydi, nə bilim nə olacaqdı. Dedim məni öldürsən, guya sənə nə olacaq? Dedi onsuz da mən həyatımdan bezmişəm. Qonşu gəldi qapını açdı, girdi içəri, bax, burda durdu. Mənə dedi ki mənə zəng eləmisən, xeyirdimi? Qəfildən çöndü mənə tərəf. Bildim ki, bu məni vuracaq. Dedim ay Elçin, mən sənə zəng eləməmişəm. Dedi səndən mənə zəng gəlib. Qonşum irəlilədi bizə tərəf. O görəndə ki, qonşum mənə tərəf yaxınlaşır, o boyda pilləkəni tullandı qaçdı”.
Nəzakət Məmmədova Azər Ağacanovun bir gecədə 3-cü qurbanı olub. 71 yaşlı qadın evdə nəvəsi ilə yuxudan ayaq səslərinə oyanıb. Nənəsinin boğulduğunu görən nəvə döşəmə taxtasını maskalı adamın başına vurub. Məhz bundan sonra yaşlı qadın onun əlindən çıxaraq dəmir saplı süpürgəni götürüb və vurmağa başlayıb: “Bax, bura qısılıb belə durub. Dedim balamın canı haqqı, ya səni öldürəcəyəm, ya da özümü. Tutdu mənim yaxamdan, qoydu bura divanın üstə. Dedim yüyür içəridən pol ağacını götür. Əgər onu görsəm, bircə dəfə soruşardım ki, bəs adam qoca arvadı belə qorxuzar?”
Tərtər Rayon Polis Şöbəsində faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.