22 yaşlı MÜSTƏQİL AZƏRBAYCAN

18 Oktyabr - Azərbaycanın Müstəqillik günü. Bu günə gedən yol  1991-ci il avqustun 30-da Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasının iclasında Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpası haqqında Bəyannamənin qəbul edilməsindən keçirdi. Ali Sovetin oktyabrın 18-də keçirilən tarixi sessiyasında isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul olunub. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra dövlətimiz istiqlaliyyətinə qovuşdu. Qəbul olunan Konstitusiya Aktında Müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olundu. Bununla da XX yüzilliyin sonlarında Sovetlər İttifaqının süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı bir əsrdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci ən parlaq qələbəsi idi.

 

Daha sonra 1991-ci il dekabrın 29-da ilk referendum keçirildi. Xalq bülletenə daxil edilmiş suala – “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?” sualına yekdilliklə səs verdi. Beləliklə, 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü kimi tarixə düşdü.
 

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.

Artıq 22 ildir, Azərbaycan 18 oktyabrı bayram kimi qeyd edir. 

Müəllif | Apa.Tv
Apa.tv