Həmsədrlərdən təmas xəttində baş verən ATIŞMA ilə bağlı bəyanat

ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik oktyabrın 17-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq zamanı baş verən insidentlə bağlı bəyanat yayıb. APA TV-nin xəbərinə görə, bəyanatda deyilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun səhra köməkçiləri təmas xəttinin cənub istiqamətində keçirilən monitorinqdə iştirak ediblər. Hər iki tərəfin yerli komandirlərindən təhlükəsizlik zəmanətləri alandan sonra ATƏT-in hər iki komandası müşahidə nöqtəsinə çatanda, atəş səsləri eşidilib. Atəşin hansı tərəfdən açıldığını müəyyən etmək mümkün olmayıb.

 

Təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən şəxsi nümayəndə monitorinqi keçirməməyə qərar verib. ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyan ediblər ki, bu cür istisnalı və təəssüf doğuran insidentlər şəxsi nümayəndənin və onun komandasının işini, eyni zamanda 1994-cü ilin mayında əldə olunan atəşkəs razılaşmasını pozur. Həmsədrlər müvafiq rəsmiləri hadisəni dəqiqliklə və qərəzsiz araşdırmağa çağırıb.

 

Qeyd edək ki, Erməni silahlı bölmələri dünən və bu gecə mövqelərimizi intensiv atəşə tutub.

 

 

Müəllif | Apa.Tv
Apa.tv