Əsəd: "ABŞ-ın prezidenti dəyişəcək, siyasəti yox..."
Suriya prezidenti Bəşər Əsəd ABŞ-ın MSNBC telekanalına müsahibə verib. APA TV-nin məlumatına görə, Əsəd əsasən Rusiya ilə bağlı münasibətlər barədə verilən sualları cavablandırıb.
Suriya prezidenti Putinlə istefası barədə heç vaxt söhbəti olmadığını deyib. Əsəd vurğulayıb ki, Kerrinin Moskvaya səfəri də Rusiyanın Suriyadakı legitim hakimiyyət barədə fikrini dəyişməyəcək. "Çünki Rusiyanın belə məsələlərdə fikri dəyişilmir, Rusiyanın mövqeyi dəyərlər üzərində qurulub", - deyə o qeyd edib.
Telekanalın jurnalisti Əsəd "əgər İŞİD-in ABŞ-a qarşı hər hansı hücum planı barədə məlumatınız olsa, Vaşinqtonu xəbərdar edərdinizmi?" sualını ünvanlayıb. "Əlbəttə, çünki terrorçuların dinc insanlara hücum etmələri istisna deyil", - deyə, Suriya prezidenti cavab verib.
Əsəd bildirib ki, Barak Obamanın prezidentlik müddətinin bitməsinin Suriya üçün elə bir əhəmiyyəti yoxdur: "Çünki bu, yalnız prezidentin dəyişməsi olacaq, ABŞ-ın siyasətinin yox. Amma biz ümid edirik ki, gələcək dövlət başçısı daha müdrik olacaq, nəinki hərbi əhval-ruhiyyəli. İş də burasındadır ki, bu yalnız ümiddir, ümidə isə güvənmək olmur".
Xatırladaq ki, iyulun 14-15 tarixlərində ABŞ dövlət katibi Con Kerri Moskvada Rusiya prezidenti ilə görüşəcək. Kerrinin Suriya məsələsi ilə bağlı Putinə Obama administrasiyasının son təklifini çatdıracağı bildirilir.