"Qəbələ"dən yubiley qələbəsi - QOLLAR

Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib. APA TV-nin məlumatına görə, Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” də meydana çıxıb.

 

Təmsilçimiz Macarıstanda MTK-nın qonağı olub. Görüş “Qəbələ”nin qələbəsi ilə başa çatıb. Oyunun ilk 15 dəqiqəsinin tamamında Məhəmməd Mirzəbəyovun cərimə meydançası daxilindəki ehtiyatsız oyunu az qala komandaya baha başa gələcəkdi. "Qəbələ"nin qapısına penalti təyin olunsa da, ukraynalı qapıçı rəqib kapitan Kantanın zərbəsini dəf edə bilib.

 

Bundan 10 dəqiqə sonra isə Nika hesabı açıb. Gürcü yarımmüdafiəçi cərimə zərbəsindən sonra iti bucaq altında yaxın küncü dəqiq nişan alıb.

 

İlk hissə bu hesabla başa çatıb. Təmsilçimiz bir də 63-cü dəqiqədə qol sevinci yaşayıb. Əks-hücum zamanı əla qurulmuş kombinasiyanı Filip Ozobiç dəqiq və baxımlı zərbə ilə tamamlayıb.

 

Rəqib 70-ci dəqiqədə qollardan birinin əvəzini çıxsa da, oyunda başqa qol olmayıb və matç 2:1 hesabı ilə "Qəbələ"nin xeyrinə başa çatıb.

 

Qeyd edək ki, səfərdə uğursuz çıxış edən Roman Qriqorçukun yetirmələri bu sindromu qırmaqla yanaşı, həm də təmsilçilərimizin Avrokuboklardakı yubiley - 70-ci qələbəsinə imza atıblar.

Müəllif | Apa.Tv
Apa.tv