Putin-Kerri görüşünün detalları açıqlandı

Dünən Moskvada keçirilən Putin-Kerri görüşünün detalları məlum olub.

 

ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, üç saat boyunca davam edən görüş zamanı tərəflər İŞİD, "ən-Nüsra Cəbhəsi" kimi terror qruplaşmaları ilə mübarizənin daha da sərtləşdirilməsi məsələsini müzakirə edib.

 

Con Kerri Suriyada beş ildən artıqdır davam edən vətəndaş müharibəsinin hələ də yekunlaşmamasından narahatlığını ifadə edib.

 

Dövlət katibinin eyni zamanda rus və amerikalı hərbçilərin kəşfiyyat məlumatları ilə mübadiləsi üçün Kəşfiyyat Mərkəzinin yaradılmasını da təklif etdiyi bildirilib.

 

C.Kerri tərəflərin yalnız Suriya və Ukrayna məsələlərində deyil, bir çox potensial həllini gözləyən məsələlərlə əlaqədar irəliləyişə nail olacağına əmin olduğunu bildirib.

 

Rusiya prezidenti Vladimir Putin isə ABŞ dövlət katibinə Rusiya tərəfinin Suriyada ələ keçirilən Amerika kəşfiyyatçısının azad olunmasındakı rolunu xatırladaraq, rəsmi Vaşinqtondan bunun qarşılığında daha konstruktiv addımlar gözlədiklərinə diqqət çəkib.

 

Kreml rəhbəri ABŞ prezidenti Barak Obama ilə sonuncu görüşünü xatırladaraq, analoji görüşlərin formal xarakter daşımadığına və tərəflərin həqiqətən də qarşılıqlı münasibətlərdə irəliləyişə nail olmaq əzmində olduğuna inandıqlarını bildirib.

 

V.Putin ABŞ dövlət katibinin prezident Barak Obamaya bu görüşün təfərrüatları, habelə müzakirələrdə müəyyən irəliləyiş əldə olunması ilə bağlı obyektiv informasiya çatdıracağına ümid etdiyini dilə gətirib.

 

C.Kerri Vaşinqtonda Rusiya ilə Birləşmiş Ştatların hazırda bərabər şəkildə dünya üçün daha faydalı birgə fəaliyyət əzmində olmasına xüsusi inamın olduğunu bildirərək, bu fəaliyyətin həm Suriya, həm də Ukrayna üçün müsbət nəticə verəcəyinə əmin olduqlarını deyib.

 

Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri Moskvaya iyunun 14-də səfərə gəlib. Səfərdən öncə mətbuata açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov müzakirələrdə əsas diqqətin Suriya və Ukrayna məsələləri, eləcə də qarşılıqlı münasibətlərin bundan sonrakı vəziyyəti üzərində olacağını bildirib.

 

Səfər çərçivəsində dövlət katibinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla təkbətək görüşü gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv